Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA

Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA
AÇIQLAMA
İqtisadiyyat 2

"2027-ci ildən əməkhaqqından tutulan gəlir vergisinin dərəcəsi mərhələli keçid çərçivəsində 3 faizdən 5 faizə yüksəldiləcək. Dəyişiklik özəl, qeyri-neft sektorunda çalışan vətəndaşların xalis gəlirlərinə təsir göstərəcək".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, aylıq vergi tutulan gəliri 2500 manatadək olan şəxslər üçün vergi dərəcəsi 5 faiz olacaq:

"2500-8000 manat aralığında gəlir əldə edənlər üzrə vergi 125 manat və 2500 manatdan yuxarı hissənin 10 faizi, 8000 manatdan çox gəlir əldə edənlər üçün isə 675 manat və 8000 manatdan artıq hissənin 14 faizi kimi hesablanacaq. Aylıq 200 manatlıq vergi güzəşti isə qüvvədə qalacaq.

Digər tutulmalarda dəyişiklik gözlənilmir. Məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları əvvəlki qaydada qalacaq. İşsizlikdən sığorta haqqı da işçi və işəgötürən üçün ayrı-ayrılıqda 0,5 faiz olmaqla dəyişməyəcək.

Məsələn, özəl, qeyri-neft sektorunda çalışan və 1500 manat maaş alan şəxsin aylıq gəlir vergisi 39 manatdan 65 manata yüksələcək. Bu isə hər ay 26 manat, il ərzində isə 312 manat əlavə vergi yükü deməkdir".

AQC sədri qeyd edib ki, nominal əməkhaqqı dəyişməsə, vətəndaşın əlinə çatan məbləğ azalacaq:

"Xüsusilə aşağı və orta maaş alanlar bu fərqi ailə büdcəsində hiss edə bilərlər. İşəgötürənlərin isə xalis əməkhaqqı üzrə razılaşmaların qorunması üçün maaş siyasətinə yenidən baxması və əlavə vergi yükünü kompensasiya etməsi gündəmə gələ bilər".

Orxan Hüseyn

Son xəbərlər