Gələcəyin əsas ümid yeri: Ölkəyə əlavə gəlirlər gələcək
Neft istehsalımız getdikcə azalır. Buna mütənasib olaraq neft gəlirlərində də azalma müşahidə edilir. Bunun müqabilində qaz istehsalı və ixracı artır. Maraqlıdır, neft satışından itirilən gəlirlərin bir hissəsini qaz satışından əldə etmək mümkündürmü?
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Bu ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) blokundan 10.2 milyard kubmetr qaz hasil edilib. Energetika Nazirliyinin açıqladığı məlumatlarda qeyd edilir ki, 2024-cü ilin ilk doqquz ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı 0.4 milyard kubmetr və ya 4.1% çoxdur. Məlumata görə, bu ilin doqquz ayında Azərbaycanda 38.2 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1.1 milyard kubmetr və ya 2.96% çoxdur.
Eyni zamanda, bu ilin ilk doqquz ayı ərzində "Şahdəniz" yatağından 20.9 milyard kubmetr qaz hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.4 milyard və ya 1.95% çoxdur. Həmçinin bu ilin yanvar-sentyabr aylarında "Abşeron" yatağından 1.2 milyard kubmetr təbii qaz hasil olunub.
Maraqlıdır, azalan neft hasilatı fonunda gələcək illərdə qaz gəlirlərimizin artım tempi necə olacaq? Neft satışından itirilən gəlirlərin bir hissəsini qaz satışından əldə edilən gəlirlə kompensasiya etmək mümkündürmü?
"Mavi yanacaq bu potensiala malikdir"
Millət vəkili Vüqar Bayramov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, qaz neftin azalması nəticəsində gəlirlərimizdə yaranan fərqin bir hissəsini kompensasiya edə biləcək potensiala malikdir:
"2025-ci ilin ilk 10 ayında Azərbaycanda neft hasilatı 4.6% azalsa da, qaz hasilatında 1.7% artım qeydə alınıb. Neft hasilatının azalması fonunda qaz hasilatı artmaqda davam edir. Təbii ki, qaz gəlirləri neft gəlirləri ilə müqayisədə daha çox dalğalanmalara məruz qalır, amma qaz fərqin bir hissəsini kompensasiya edə biləcək potensiala malikdir. Azərbaycan qaz satışından ən yüksək gəlirlərini 2022 və 2023-cü illərdə əldə edib. Xüsusilə həmin illərdə Avropada qiymətlərin yüksək olması gəlirləri artırmış və ilk dəfə qaz satışından əldə olunan gəlirlər neft satışından əldə olunan gəlirlərlə bərabərləşmişdi. Sonrakı dövrdə isə qiymətlərdəki azalma ümumi enerji gəlirlərinin strukturunda neftin üstünlüyünü bərpa etdi. Buna baxmayaraq, qaz hasilatının artması neft satışından itirilmiş gəlirlərin bir hissəsinin kompensasiyasına imkan yarada bilər".
"Ölkəyə əlavə gəlirlər gələcək"
Deputatın sözlərinə görə, qaz ixracı ölkəyə əlavə gəlirlər gətirəcək:
"Azərbaycan hazırda 14 ölkəyə qaz nəql edir. Həm hasilat, həm də ixracat göstəricilərində artım müşahidə olunur. Ölkə 2027-ci ildə Avropaya 20 milyard kubmetr qaz nəql etməyi planlaşdırır ki, bu da ixracatın artması ilə bağlı əlavə gəlir deməkdir. Qaz hasilatının artırılması üçün mövcud müasir texnologiyalardan istifadə və yeni yataqların işlənməsi üçün yeni müqavilələrin bağlanması vacibdir".
Dünya bazarındakı qiymətlərə gəldikdə isə, deputat bildirir ki, bu, tələb və təklifdən asılı olaraq müəyyənləşir:
"Hazırda qiymətlər 2022-ci illə müqayisədə aşağıdır, lakin qaz strateji məhsul kimi qiymət artımı potensialına malikdir. Yeni perspektivlər həm tələb-təklif, həm də geosiyasi vəziyyət və regiondakı durumdan asılı olacaq. Gözlənilir ki, neft hələlik enerji sərvətlərinin strukturunda aparıcı mövqeyini qoruyub saxlayacaq. Azalmaya baxmayaraq, neft satışından əldə olunan gəlirlər hələ də qazdan yüksəkdir".
Dərin qiymət şokları, struktur dəyişiklikləri
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, 2026-cı il üçün qlobal qaz bazarı proqnozları güclü tələbin qiymətləri artıracağına işarə edir. Lakin həddindən artıq təklif və dəyişən istehlak strukturu ilə bağlı risklər mövcuddur:
"Rusiya boru kəmərləri və mayeləşdirilmiş təbii qazın (LNG) ixracına qoyulmuş sərt məhdudiyyətlər bu ssenarini tətikləyir. İlkin proqnozlara görə, 2026-cı ildə qlobal qaz tələbatı 2024-cü illə müqayisədə 1.8% artacaq. 2024-cü ildə qlobal qaz tələbatı rekord həddə 4.21 trilyon kubmetrə çatmışdı. Eyni zamanda, 2024-cü ildə Avropa İttifaqının illik qaz tələbatı 313 milyard kubmetr təşkil edib və cari ildə bu göstəricinin dəyişməz qalacağı ehtimal olunur. Buna əlavə olaraq, Avropaya yönələn Rusiyaya məxsus ixrac güclərinin (Şimal Axını-1, Şimal Axını-2, Yamal-Avropa, Ukrayna QNS üzərindən tranzit) fəaliyyətinin dayandırılması, yeraltı qaz anbarlarının doldurulması zərurəti və Asiya bazarı ilə LNG uğrunda rəqabət 2026-cı ildə Aİ-də təbii qaz qiymətlərinin yüksək qalmasına səbəb olacaq. Bazar iştirakçılarının proqnozuna görə, növbəti ildə Aİ-də təbii qazın orta qiyməti 1000 kubmetr üçün 446 ABŞ dolları səviyyəsində gözlənilir ki, bu da cari ilin orta satış qiymətinə uyğundur".
Neft satışından əldə olunan gəlirlər əvəzlənə bilər?
Mütəxəssis bildirir ki, AÇG və "Şahdəniz" yataqları sənaye istismarına veriləndən 1 oktyabr 2025-ci il tarixinədək AÇG-dən 240 milyard kubmetr, "Şahdəniz"dən isə 51,5 milyon tona yaxın kondensat və 257,7 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə beynəlxalq müştəri bazarlarına 185,7 milyard kubmetr qaz ixrac olunub:
"2020-ci il 31 dekabr tarixindən 2025-ci ilin oktyabr ayına kimi TAP vasitəsilə Avropa bazarlarına 52,5 milyard kubmetr qaz tədarük edilib. Hazırda İtaliya, Yunanıstan və Bolqarıstana qaz tədarükü uzunmüddətli müqavilələr əsasında həyata keçirilir, digər yeddi Avropa ölkəsinə isə qısa müddətli müqavilələrlə qaz tədarükü aparılır. Avropanın qaz bazarına uzunmüddətli qaz tədarükünün davam etdirilməsi və ixrac həcmlərinin artırılması üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycanın aktivindəki qaz yataqlarına əlavə investisiyaların yönəldilməsi və qaz tədarükü üzrə yeni uzunmüddətli müqavilələrin bağlanması vacibdir. Bununla yanaşı, Aİ öz iqlim hədəflərinə yenidən baxmalıdır. Azərbaycanın neft-qaz yataqlarının istismar müddətinin uzadılması istiqamətində atılan addımlar yaxın perspektivdə qaz hasilatında artıma, neft hasilatında isə nisbətən sabitliyə imkan yaradacaq. Ölkənin yaşıl enerji siyasəti karbohidrogen ixracını, xüsusilə təbii qaz sahəsində, dəstəkləyəcək. Karbohidrogen ehtiyatları ilə zəngin olan Rusiya və İrana qoyulan məhdudiyyətlər qlobal bazarlarda neft və qaz qiymətlərini dəstəkləyəcək. Nəticədə, qaz ixracı və metan tərkibli qazdan əldə olunan digər neft-kimya məhsullarının satışından gəlirlər neft satışından əldə olunan gəlirləri qismən əvəz edə bilər".
Oxşar xəbərlər
2026-cı ildə manatın məzənnəsi ilə bağlı PROQNOZ
Azərbaycanın manatının ABŞ dollarına qarşı 1.7/1 səviyyəsində sabitliyini qoruyacağı gözlənilir, bu da müntəzəm valyuta müdaxilələri və möhkəm ehtiyat mövqeyi i...