"Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

Fitch Ratings İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib
İqtisadiyyat 30

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu açıqlayıb. Agentlik 2026-cı ildə ölkə iqtisadiyyatının 2,2 % səviyyəsində böyüyəcəyini gözləyir. Bu göstərici 2025-ci ildə proqnozlaşdırılan 1,4 %-lik artımdan daha yüksəkdir.

BAKU.WS-in məlumatına görə, bu qiymətləndirmə agentliyin İranda baş verən hərbi əməliyyatların Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsiri ilə bağlı hesabatında yer alıb. Azərbaycan hökuməti isə daha ehtiyatlı yanaşma sərgiləyərək 2026-cı il üzrə iqtisadi artımı 1,7 % səviyyəsində proqnozlaşdırır.

"Fitch" analitikləri hesab edir ki, artım tempinə əsas təsir edən amillərdən biri neft hasilatının azalması, qaz hasilatının isə sabit qalmasıdır. Bununla yanaşı, enerji təchizatında ciddi fasilə risklərinin aşağı səviyyədə olduğu vurğulanır.

Hesabatda qeyd olunur ki, region ölkələrinin enerji təminatı əsasən stabil mənbələrə bağlıdır. Gürcüstan qazın böyük hissəsini Azərbaycandan alır, Ermənistan isə Rusiyanın "Qazprom" şirkəti ilə uzunmüddətli müqavilə əsasında sabit tariflə təmin olunur. Eyni zamanda, münaqişənin ilk mərhələsində milli valyutaların dollar qarşısında ciddi dalğalanma göstərmədiyi bildirilir.

Agentlik ümumilikdə hesab edir ki, İranda baş verən hərbi proseslər Cənubi Qafqaz ölkələri üçün dolayı iqtisadi risklər yaradır. Bu təsirlər əsasən enerji və logistika xərclərinin artması ilə bağlıdır.

"Fitch"in qiymətləndirməsinə görə, uzunmüddətli dövrdə bu vəziyyət inflyasiya risklərini artıraraq xarici ticarət balansına mənfi təsir göstərə bilər. Xüsusilə enerji resurslarını idxal edən Ermənistan və Gürcüstan daha həssas ölkələr kimi qeyd olunur.

Bununla belə, region ölkələrinin valyuta ehtiyatlarının yetərli olması, məzənnələrə təzyiqin məhdud qalması və enerji təchizatının etibarlılığı qısamüddətli riskləri azaldır.

Analitiklər bildirirlər ki, zərurət yaranarsa, mərkəzi banklar inflyasiya təzyiqlərinə qarşı tədbirlər görəcək. Qlobal enerji qiymətlərində artımın nəqliyyat, kommunal xidmətlər və ərzaq məhsullarının bahalaşmasına təsir edəcəyi gözlənilir.

Eyni zamanda, idxal olunan məhsulların, xüsusilə gübrələrin bahalaşması əlavə inflyasiya təzyiqi yarada bilər. Buna baxmayaraq, regionda real faiz dərəcələrinin müsbət qalması tənzimləyicilərə iqtisadi sabitliyi qorumaq üçün əlavə imkanlar verir.

Hesabatda xarici hesabların vəziyyəti də diqqətə çatdırılır. "Fitch"ə görə, 2026-cı ildə Gürcüstanda cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 5,3 %-nə, Ermənistanda isə 5 %-nə çata bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər