"Fitch Ratings" Azərbaycanın 2031-ci ilədək dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanın ümumi dövlət borcunun ÜDM-in 21,8 %-ni təşkil edəcəyini proqnozlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu səviyyənin ortamüddətli perspektivdə sabit qalacağı gözlənilir.
Agentliyin proqnozuna görə, 2026-cı ildə bu göstərici ÜDM-in 21,3 %-nə qədər azalacaq, növbəti illərdə isə yenidən artmağa başlayacaq: 2027-ci ildə ÜDM-in 22,9 %-nə, 2028-ci ildə 24,7 %-nə, 2029-cu ildə 25,8 %-nə, 2030-cu ildə isə 26,4 %-nə bərabər olacaq.
"Fitch"in məlumatına görə, 2024-cü ildə ümumi dövlət borcu da ÜDM-in 21,8 %-ni təşkil edib.
Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ümumi dövlət və dövlət zəmanətli borcu ÜDM-in 27,6 %-nə çatacaq. Bu göstərici növbəti illərdə də artmağa davam edərək 2026-cı ildə ÜDM-in 28,6 %-ni, 2027-ci ildə 28,9 %-ni, 2028-ci ildə 29,1 %-ni, 2029-cu ildə 29,6 %-ni, 2030-cu ildə 29,4 %-ni təşkil edəcək.
Azərbaycan Maliyyə Nazirliyinin proqnozlarına görə, 2025-ci ilin sonuna dövlət borcunun (xarici və daxili) ümumi məbləği 29,004 milyard manat (proqnozlaşdırılan ÜDM-in 22,2 %-i) təşkil edəcək, 2026-cı ilədək isə 32,7 milyard manata (ÜDM-in 20,1 %-i) yüksələcək.
Rəsmi statistikaya görə, 2025-ci il aprelin 1-nə dövlət borcunun ümumi məbləği 26,628 milyard manat təşkil edib. Bunun 8,627 milyard manatı (5,075 milyard ABŞ dolları) xarici borcun payına düşür ki, bu da ÜDM-in 6,6 %-nə bərabərdir. Daxili borcun payı isə 18,001 milyard manat və ya ÜDM-in 13,8 %-ni təşkil edir.
Xarici dövlət borcunun 49 %-i 5 ilə qədər olan müddətdə, 44,2 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun 63,3 %-i çoxtərəfli maliyyə institutları üzrə, 27 %-i xarici bazarda yerləşdirilmiş avrobondlar üzrə, 9,7 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb. Ən böyük kreditorlar Asiya İnkişaf Bankı (35,1 %), avrobond sahibləri (27 %) və Dünya Bankıdır (15,8 %).
Oxşar xəbərlər
Azərbaycan Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımalarını əlavə etmək istəyir
Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımaları alt sektorlarının əlavə edilməsinə dair təqdimat keçirilib. Təqdimat Biznes mühiti və beynəlxalq rey...