"Equinor" AÇG və BTC layihələrindəki paylarının SOCAR və "ONGC Videsh Limited"ə satışını yekunlaşdırıb
Norveçin "Equinor" şirkəti noyabrın 29-da "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsindəki və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatoru olan "BTC Co" boru kəməri şirkətindəki iştirak payının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın "ONGC Videsh Limited" şirkətinə satışı üzrə sövdələşmələri bitirib.
BAKU.WS xəbər verir ki, report bu barədə "Equinor" şirkətinin özünün açıqlamasına istinadən məlumat yayıb.
Şirkətdən xatırladılıb ki, iyulun 19-da SOCAR və "ONGC Videsh Limited" ilə AÇG və BTC-dəki aktivlərinə görə yenilənmiş alqı-satqı müqaviləsi imzalanıb. "Equinor"un AÇG layihəsindəki 7,27 %-lik payının 6,655 %-ni SOCAR, 0,615 %-ni isə "ONGC Videsh Limited" alıb. Norveç şirkətinin BTC-dəki 8,71 %-lik səhmlərinin 7,96 %-ni SOCAR, 0,75 %-ni isə "ONGC Videsh Limited" əldə edib.
"Alqı-satqı müqaviləsi üzrə əməliyyat noyabrın 29-da yekunlaşıb. Əməliyyatın ümumi dəyəri 720 milyon ABŞ dolları təşkil edib", - məlumatda deyilir.
"ONGC Videsh Limited" şirkətindən isə, öz növbəsində, "Equinor"un AÇG və BTC-dəki səhmlərinin bir hissəsini almaq üçün təxminən 60 milyon ABŞ dolları investisiya ayrıldığı bildirilib.
Xatırladaq ki, 2023-cü il dekabrın 22-də "Equinor" SOCAR ilə Azərbaycandakı aktivlərinin Dövlət Neft Şirkətinə satışına dair müqavilə bağlayıb. O cümlədən "Equinor" SOCAR-a AÇG blokunun və BTC neft kəmərinin işlənməsi layihələrində iştirak paylarını və "Qarabağ" yatağının işlənməsi layihəsindəki 50 % payını satıb. "Qarabağ" layihəsində iştirak payının satışı üzrə sövdələşmə bu ilin aprelində başa çatdırılıb.
2024-cü ilin iyulunda Norveç şirkəti SOCAR və "ONGC Videsh Limited" ilə AÇG və BTC-dəki paylarının satışına dair artıq dəyişdirilmiş və yekun müqavilə imzalayıb.
"Azəri", "Çıraq" və "Günəşli"nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Onun etibarlılıq müddəti 2024-cü ildə başa çatırdı, 2017-ci ilin sentyabrında müddəti 2050-ci ilə qədər olan yeni saziş imzalanıb.
Bu son əməliyyatı nəzərə alsaq, tərəflərin layihədə payları belədir: SOCAR - 31,655 %, "BP plc" - 30,37 %, MOL - 9,57 %, "Inpex Corp." - 9,31 %, "ExxonMobil" - 6,79 %, TPAO - 5,73 %, "ITOCHU Oil" - 3,65 %, "ONGC Videsh Limited" - 2,925 %.
"BTC Co"nun səhmdarları isə bunlardır: SOCAR - 32,96 %, "BP plc" - 30,1 %, MOL - 8,9 %, TPAO - 6,53 %, "Eni" - 5 %, "TotalEnergies" - 5 %, "Itochu" - 3,4 %, "ONGC Videsh Limited" - 3,11 %, "ExxonMobil" - 2,5 %, "Inpex" - 2,5 %.
Oxşar xəbərlər
Gələn il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb
2025-ci ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin dekabrın 16-da keçiril...