Əlimizdə olan pulu artıra bilərik - Qızıl alaq, yoxsa vəsaiti banka qoyaq?
Bu gün ölkədə inflyasiya və bazar dəyişiklikləri vətəndaşları yığdıqları vəsaitlərin dəyərini qorumaq və artırmaq yollarını axtarmağa məcbur edir. Xüsusilə, 5-10 min manat məbləğində əmanəti olan şəxslər üçün bu vəsaitin necə daha sərfəli idarə olunacağı aktuallaşır.
BAKU.WS-in məlumatına görə, pulun artırılması və inflyasiyadan yayınmaq üçün bir neçə üsul mövcuddur.
Bunların arasında pulu bank depozitlərinə yerləşdirmək, xarici valyutalara sərmayə qoymaq və ya qızıl kimi dəyərli metallar alıb saxlamaq göstərilir.
Bəs, hansı üsul daha sərfəlidir? Bu mövzuda vətəndaşların doğru qərar verməsi üçün iqtisadçı Rəşad Həsənova müraciət etdik. Ekspert BAKU.WS-ə bildirdi ki, fərdi yığımların, xüsusilə də passiv yığımların müəyyən qədər qorunması və hansısa formada investisiya şəklində istifadə edilməsi alətləri konyunkturdan asılı olaraq fərqləndirilə bilər və ya fərqli istiqamətlərdə daha çox təşviqlər formalaşa bilər:
"Yəni bu qızıla əmanətlər də ola bilər, qızıla investisiyalar da ola bilər və vəsaitlərin əmanət şəklində yerləşdirilməsi və yaxud müxtəlif qiymətli kağızlarda yerləşdirilməsi ola bilər. Lakin bugünkü şərtlər daxilində biz əgər yeni mövcud konyunktura baxmış olsa, Azərbaycanda hazırda ən aktual yığım üsulu əmanətlərdə vəsaitin yerləşdirilməsi ola bilər. Çünki faizlər də kifayət qədər yüksəlib. Artıq demək olar ki, sığortalanan manatla əmanətlər 12 faizə çatır. Bu, kifayət qədər ciddi göstəricidir.
Nəzərə alsaq ki, inflyasiya bu il təxminən üç faiz ətrafında, 2025-ci ildə isə beş faiz ətrafında proqnozlaşdırılır. Bu, o deməkdir ki, mövcud əmanətlərin illik 7-9 faiz aralığında gəliri formalaşa bilər. Bu, əmanət üsulu ilk növbədə vəsaitlərin dəyərsizləşməsinin qarşısını alır və təhlükə risklərini aradan qaldırır.
Tövsiyə olunan əmanət manatla sığortalanan faizlərlə, yəni 12 faizə qədər yerləşdirilən əmanətlərdir. Məbləğ 100 min manatdan yuxarı olmamaq şərtilə sığortalanan olsun".
Rəşad Həsənov əlavə etdi ki, ötən dövr ərzində valyuta və əmanətlərin faizlərində artımlar müşahidə olunub:
"Xüsusilə, 2024-cü ildə bu istiqamətdə intensiv artım vardır. Amma bununla belə, xarici valyuta ilə əmanətlərin gəlirləri milli valyuta ilə əmanətlərin gəlirlərinə nisbətən 2.5-3.5 aralığında azdır. Devalvasiya risklərinin 2025-ci il üçün hər hansı bir ciddi fors major kataklizm xarici fluktasiya formalaşması ehtimalının az olduğunu nəzərə alsaq, manatla əmanət vəsaitlərin yerləşdirilməsi daha çox tövsiyə olunandır.
O ki qaldı qızıl məsələsinə, yəni son 15 ilin təhlili göstərir ki, qızıl ən çox gəlir verən passiv investisiya alətlərindən biri olub. Digital müəssisələrin səhmlərinin yaratdığı əlavə dəyəri nəzərə almasaq, qızıl əmanətlərlə müqayisədə və digər yığım alətləri ilə müqayisədə daha çox gəlir verib. Amma bununla belə, bugünkü mövcud konyukturda, xüsusilə də geosiyasi vəziyyətdə qızılın qiyməti kifayət qədər yüksəlib. Qızılda qiymətlərin korreksiyası ehtimalları yüksəkdir.
Müəyyən qədər əgər siyasi sabitləşmə olarsa, qızılın qiymətlərinin geri düşməsi ehtimalları yüksəkdir və belə bir halda qısamüddətli yığımlar, investisiyalar edən vətəndaşlar zərərlə üzləşə bilərlər. Buna görə də qızıla investisiya edərkən ehtiyatlı olmaq lazımdır. Azərbaycan vətəndaşlarının bəzən üstünlük verdiyi yığım vasitəsi kimi zinyət əşyasının alınması heç tövsiyə olunan deyil. Xalis, yəni lom qızılın alınması sonradan satış zamanı böyük itkilərlə üzləşməyə səbəb ola bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Qızıl alıb evdə saxlamaqla varlana bilərik?
Pulun dəyərini qorumaq və inflyasiyadan yayınmaq üçün ənənəvi və geniş yayılmış üsullardan biri də qızıl almaqdır. BAKU.WS xəbər verir ki, tarix boyu qızıl, hə...