Dünya Bankı 2025-ci il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib

Dünya Bankı (DB) Azərbaycanda iqtisadi artımı 2025-ci ildə 2,6 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.
BAKU.WS-in məlumatına görə, "Report" DB-nin Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə həsr olunmuş "Sahibkarlıq, texnologiya və innovasiyaların tətbiqi vasitəsilə artımın sürətləndirilməsi" adlı hesabatına istinadən xəbər verir ki, 2025-ci il üçün gözləntilər yanvar proqnozu ilə müqayisədə 0,1 faiz bəndi azaldılıb. 2026-cı il üçün proqnoz dəyişməz qalıb.
Beləliklə, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2025-2026-cı illərdə orta illik artımını 2,5 % səviyyəsində qiymətləndirir.
Bank ümumilikdə Qafqaz və Mərkəzi Asiya ölkələri üçün iqtisadi fəallığın yavaşlayacağını gözləyir: 2024-cü ildə 5,7 % artımdan sonra 2025-ci ildə 3,6 %-ə, 2026-cı ildə isə 3,4 %-ə qədər azalma proqnozlaşdırılır.
2025-2026-cı illərdə Cənubi Qafqaz ölkələrində orta illik artım 3,5 % səviyyəsində gözlənilir ki, bu da ötənilki səviyyədən təxminən 2 faiz bəndi aşağıdır. Hesabatda qeyd olunub ki, bu, Ermənistan və Gürcüstanda daxili tələbatın, ticarətin və pul köçürmələrinin sabitləşməsi, həmçinin Azərbaycanda neft hasilatının azalması fonunda artım templərinin yavaşlaması ilə əlaqədardır.
2024-cü ildə regionun bir sıra ölkələrində fiskal vəziyyət birdəfəlik amillər səbəbindən pisləşib. Ermənistanda büdcə kəsiri sosial xərclərin artması fonunda ÜDM-in 3,5 %-nə qədər artıb. Qazaxıstanda kəsir daşqınların nəticələrinin aradan qaldırılması və sosial proqramlara çəkilən xərclər, həmçinin neft gəlirlərinin azalması səbəbindən artıb. Azərbaycanda büdcə profisiti neft gəlirlərinin azalması və işğaldan azad edilmiş ərazilərdə bərpa işləri çərçivəsində xərclərin artması nəticəsində iki dəfə - ÜDM-in 4,1 %-nə qədər azalıb.
"Daxili maliyyə bazarları daha çox inkişaf etmiş ölkələrin, o cümlədən daha yüksək kredit reytinqləri ilə təmin edilən və maliyyə resurslarına ehtiyacı olan Azərbaycan, Qazaxıstan və Serbiya kimi region dövlətləri daha böyük fiskal məkana malikdir ki, bu da hökumətlərə özəl investisiyaları və kreditləşməni məhdudlaşdırmadan borclanmanı artırmağa imkan verir", - hesabatda bildirilib.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozu daha yüksəkdir: ÜDM-in artımı 2025-ci ildə 3,7 %, 2026-cı ildə isə 3,2 % səviyyəsində gözlənilir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlidir. "S&P Global" ildə 2 %, "Fitch Ratings" 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, "Moody's" isə hər il 2,5 % artım gözləyir.
Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə iqtisadi artımı 3 %, 2026-cı ildə 2,5 %, Beynəlxalq Valyuta Fondu isə müvafiq olaraq 3,5 % və 2,5 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankının proqnozlarına görə, 2025-ci ildə iqtisadi artım 2,7 %, 2026-cı ildə 2,4 % təşkil edəcək, Asiya İnkişaf Bankı isə bu göstəriciləri müvafiq olaraq 3,4 % və 3,3 % səviyyəsində proqnozlaşdırır. Niderlandın "ING Group"u 2025-ci ildə ÜDM-in artım tempini 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb, 2025-ci ilin birinci rübündə isə artım tempi cəmi 0,3 % təşkil edib.

Oxşar xəbərlər
Azərbaycanda növbəti torpaq hərracı elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 21-də növbəti dəfə torpaq hərracı keçirəcək. BAKU.WS bu barədə quruma istinadən xəbə...