Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasının vaxtı məlum olub
Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasının vaxtı müəyyənləşib.
Diplomatik mənbənin "Report"a verdiyi məlumata görə, görüşlər aprelin 4-də baş tutacaq.
Xatırladaq ki, SGC Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 2-ci Nazirlər Toplantısı 2024-cü il martın 1-də keçirilib.
Qeyd edək ki, SGC Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən bəri hər il fevral ayında keçirilirdi, ötən il ilk dəfə bu tədbirlər mart ayında baş tutdu.
SGC layihəsinə "Şahdəniz-2" layihəsi, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu Qaz Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisi daxildir. Layihənin ümumi dəyəri 33 milyard ABŞ dolları təşkil edir.
Azərbaycan qazının Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə Avropaya ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə təxminən 12 milyard kubmetr, 2024-cü ildə isə 12,9 milyard kubmetr təşkil edib.
Hazırda Azərbaycan qazı 12 ölkəyə tədarük edilir.
Oxşar xəbərlər
Azərbaycan Türkiyə və Özbəkistanla ticarəti genişləndirməyi müzakirə edib
Azərbaycan Türkiyə və Özbəkistanla ticarət əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb. BAKU.WS-in məlumatına görə, bunu iqtisadiyyat nazir...