Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb
2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb.
Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, daşınmış yüklərin 3.8 faizi dəniz, 7 faizi dəmir yolu, 0.2 faizi hava, 61.7 faizi avtomobil nəqliyyatı, 27.3 faizi isə boru kəməri ilə həyata keçirilib. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3.3 faiz artıb və daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 80.0 faiz təşkil edib.
Hesabat dövründə nəqliyyatçılar 1 milyard 974.4 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 89 faizi avtomobil nəqliyyatı, 10.4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə hesabat dövründə 15.4 milyon ton yük və 9 milyon 232.8 min sərnişin daşınıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə yükdaşımalarında 9.3 faiz azalma, sərnişindaşımalarında isə 20.3 faiz artım müşahidə olunub.
Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 8 milyon 334.4 min ton təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.1 faiz artıb. Daşınan yüklərin 46.8 faizi neft yüklərinin payına düşüb. Bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı isə 9.2 faiz azalaraq 23.6 min nəfər olub. Dəniz limanlarında 11 milyon 940.3 min ton yükləmə-boşaltma işləri aparılıb və yüklərin 9 milyon 480.8 min tonu və ya 79.4 faizi tranzit yüklər olub. 2025-ci il dekabrın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 431.3 min ton təşkil edib.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 134.3 milyon ton yük və 1 milyard 756.3 milyon sərnişin daşınıb. 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə yükdaşımaları 5.8 faiz, sərnişindaşımaları isə 6.4 faiz artıb. Sərnişinlərin 95.4 faizi avtobus, 4.6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7.1 faiz, sərnişin dövriyyəsi isə 9 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 1.8 faiz azalaraq 205 milyon nəfər olub. Hava nəqliyyatı ilə 3 milyon 825.4 min sərnişin daşınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.7 faiz çoxdur. Daşımaların 99.9 faizi dövlətə, 0.1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Hava nəqliyyatı ilə yükdaşımaları isə 5.2 faiz azalaraq 356.5 min ton olub.
Magistral neft kəmərləri ilə 33 milyon 408.9 min ton neft nəql edilib. Nəqletmənin 74.6 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu kəmər vasitəsilə 24 milyon 907.4 min ton neft ötürülüb. BTC kəməri ilə nəql edilən neftin 85.1 faizi və ya 21 milyon 199.8 min tonu Azərbaycanda hasil edilən neft, 14.9 faizi və ya 3 milyon 707.6 min tonu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft olub.
Magistral qaz kəmərləri ilə 36 milyard 303.5 milyon kubmetr qaz nəql edilib. Qaz nəqlinin 58.2 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 21 milyard 121.8 milyon kubmetr qaz ötürülüb.
Bundan əlavə, 2025-ci ilin yanvar-oktyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 11 milyon 759.4 min ton, dəniz nəqliyyatı ilə 6 milyon 190.9 min ton, avtomobil nəqliyyatı ilə isə 9 milyon 11.6 min ton yük daşınıb.
Oxşar xəbərlər
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 29 %-a yaxın artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 664,958 milyon manat vəsait yönəldilib. BAKU.WS "Report"a istinadən...