Bankların verdiyi istehlak krediti - Yüksəkdir, yoxsa aşağı?

Bankların verdiyi istehlak krediti - Yüksəkdir, yoxsa aşağı?
Foto Açıqlama
İqtisadiyyat 103

Azərbaycanda fəaliyyət göstərən banklar ölkənin maliyyə sektorunun əsasını təşkil edir.

BAKU.WS-in məlumatına görə, hazırda Azərbaycanda 20-dən çox bank fəaliyyət göstərir. Bu banklar həm yerli, həm də xarici banklardan ibarətdir.

Bank sektoru Mərkəzi Bank tərəfindən tənzimlənir və nəzarətdə saxlanılır.

Bankların funksiyaları aşağıdakılardır:

1. Bank xidmətləri - əmanətlərin qəbul edilməsi, kreditlərin verilməsi, maliyyə köçürmələri və digər bank əməliyyatları.

2. Biznes maliyyələşməsi - kiçik və orta sahibkarlığın inkişafını maliyyələşdirmək üçün kreditlər təklif edir.

3. Kredit kartları və digər ödəmə xidmətləri - müştərilərə rahat alış-veriş və maliyyə idarəçiliyi təklif edən məhsullar.

4. İnnovativ xidmətlər - rəqəmsal və mobil bankçılıq xidmətləri getdikcə populyarlaşır, bu da müştərilərə daha rahat və sürətli xidmət göstərir.

Azərbaycanda bank sektorunda isthelak və digər kreditlər ən minimum neçə faizdən başlayır? Mövcud rəqəmlər əhali üçün əlverişlidirmi? Rəqəmləri qonşu ölkələrlə (Türkiyə, Rusiya, Gürcüstan və İran) müqayisə etsək, Azərbaycanda bu göstərici aşağıdır, yoxsa yuxarı?

Bu suallara cavab tapmaq üçün Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramova müraciət etdik.

Deputat BAKU.WS-ə bildirdi ki, bu gün Azərbaycan üçün istehlak kreditləri üzrə faizlərin aşağı salınması bank sektorunda ən vacib hədəflərdəndir: "Çünki biz mütəmadi olaraq bank sektorunda faizlərin optimallaşdırılması məsələsinin müzakirə olunduğunu müşahidə edirik.

Etiraf etmək lazımdır ki, son illər bank sektorunun dəstəklənməsi, eyni zamanda sağlamlaşdırılması ilə bağlı daha intensiv işlər həyata keçirilir. Amma bütün bunlarla yanaşı, biz həm də bir sıra banklarda depozit faizlərinin artmasını müşahidə edirik. Bu isə təbii ki, kredit faizlərinə təsirsiz ötüşmür".

Vüqar Bayramov əlavə edib ki, istehlak kreditləri üzrə faizlərin tənzimlənməsinin həyata keçirilməsi vacibdir:

"Biz müqayisə etsək, bəzi ölkələrdə istehlak kreditləri üzrə faizlər nisbətən yuxarıdır. Amma regionun əksər ölkələri ilə müqayisə etsək və xüsusən də inkişaf etmiş ölkələrə baxsaq, istehlak kreditləri üzrə faizlərin aşağı olmasını müşahidə edirik. Burada depozit faizlərinin aşağı olmasının təsirləri var. Amma bütün hallarda Azərbaycanda istehlak kreditləri üzrə faizlər inkişaf etmiş ölkələrlə müqayisədə xeyli yüksəkdir.

Ona görə, bunun optimallaşdırılması və istehlak krediti üzrə faizlərin aşağı salınması istiqamətində işlərin genişləndirilməsinə ehtiyac var. Burada minimum və ya maksimum faizlərin bazar tərəfindən müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Çünki əslində bu, daha çox tələb-təklif, eyni zamanda, bankların, xərci əsasında müəyyənləşməlidir. Məhz bütün bunlar nəzərə alınmaqla kredit faizləri müəyyən olmalıdır.

Fikrimcə, Mərkəzi Bank tərəfindən stimullaşdırıcı alətlərdən daha sıx şəkildə istifadə edilməsinə ehtiyac var. Bu alətlər imkan verməlidir ki, kredit faizlərinin azalma tendensiyası daha intensiv olsun".

Orxan Hüseyn

Son xəbərlər