Bakıda qeyri-qanuni valyutadəyişmə məntəqəsini kim himayə edir? (FOTO)

Bakıda qeyri-qanuni valyutadəyişmə məntəqəsini kim himayə edir? (FOTO)
İqtisadiyyat 3631

 

Bakıda qeyri-qanuni fəaliyyət göstərən valyutadəyişmə məntəqəsi var. Bu ilin əvvəlində Mərkəzi Bank tərəfindən ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edilərək, fəaliyyəti qadağan olundu.

BAKU.WS-in məlumatına əsasən, lakin bununla belə, valyutadəyişmə məntəqləri yenidən fəaliyyətlərini bərpa etməyə başlayıb.

Belə valyutadəyişmə məntəqlərindən biri də hazırda "Xalqlar Dostluğu” metrosunun yaxınlığında fəaliyyət göstərir. Məntəqənin əməliyyatçısı heç bir banka tabe olmadıqlarını, müstəqil fəaliyyət göstərdiklərini bildirdi.

Halbuki banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq, bankların baş ofisində, filial və şöbələrində, eləcə də, ödəniş terminallarında həyata keçirilir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası müddət öncə "bu qərara heç bir dəyişiklik etməyib və valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır” – kimi açıqlama da vermişdi.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu kimi valyutadəyişmə məntəqələri qanunsuz fəaliyyət göstərir:

"Valyuta mübadiləsi əməliyyatları yalnız bankların baş ofisində, filial və şöbələrində, eləcə də, ödəniş terminallarında həyata keçirilə bilər. Həmin məntəqə isə güman ki, qanunsuz fəaliyyət göstərir. Biz həmin məntəqə ilə bağlı araşdırma aparıb, lazımi tədbir görəcəyik”.

Xatirladaq ki, valyutadəyişmə məntəqələrinin fəaliyyəti 2016-clı ilin əvvəlindən qadağan edilib.

Aytən Həsənova

BAKU.WS

Son xəbərlər