Azərbaycanda 2024-cü ildə turist xərcləri 5,1 milyard ABŞ dolları olub

Azərbaycanda 2024-cü ildə turist xərcləri 5,1 milyard ABŞ dolları olub
Foto
İqtisadiyyat 54

"Son illərdə Azərbaycanın turizm sahəsində güclü irəliləyişlər əldə olunub. Ölkəmiz 2001-ci ildən BMT Turizm Təşkilatının üzvüdür və bu illər ərzində onun işində fəal iştirak edib".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki,  bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən BMT Turizm Təşkilatının Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında deyib.

O bildirib ki, üzvlük dövründə Azərbaycan İcraiyyə Şurasında üç dəfə təmsil olunub və 2017-ci ildə onun sədri vəzifəsini icra edib:

"Bu il biz 2025-29-cu illər üçün Avropa regionu üzrə İcraiyyə Şurasına namizədliyimizi irəli sürmüşük, seçki bu gün burada keçirilir və biz qarşıdakı illərdə davamlı əməkdaşlıq və məhsuldar birgə səylər gözləyirik".

F.Nağıyev qeyd edib ki, COVID-19 pandemiyasından sonra yaxşı bərpa olunmuş və xüsusilə Avropada genişləndirilmiş marketinq səyləri sayəsində turist axını ölkəyə artıb:

"2024-cü ildə beynəlxalq ziyarətçilərin sayı 2023-cü illə müqayisədə 26% artıb, turist xərcləri 5.1 milyard ABŞ dollarına çatıb".

F.Nağıyev əlavə edib ki, turizm sektoru 2024-cü ildə Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) 4.5% töhfə verib və bu müsbət dinamikanın 2025-ci ildə də davam edəcəyi gözlənilir.

Sədr, həmçinin qeyd edib ki, Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkənin beynəlxalq turizm sahəsində rolunu əhəmiyyətli dərəcədə artırıb:

"Bu il ilk dəfə olaraq turizm məsələləri COP gündəliyinə daxil edilib. Bu da Azərbaycanın BMT-nin Turizm Təşkilatı ilə tərəfdaşlığı nəticəsində mümkün olub. COP29 Prezidentliyi, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatı tərəfindən iki yüksəksəviyyəli dəyirmi masa ilə yanaşı, ilk turizm nazirləri tədbiri də təşkil olunub. Bu çərçivədə əsas nəticə kimi "Turizmdə gücləndirilmiş iqlim fəaliyyəti üzrə COP29 Bəyannaməsi" təqdim edilib. Artıq bu təşəbbüs 70-dən çox ölkə, o cümlədən bir sıra Avropa dövlətləri tərəfindən dəstəklənib. Biz fürsətdən istifadə edərək digər tərəfdaş ölkələri də bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirik".

Son xəbərlər