Avropa Komissiyası: Qaz və "yaşıl enerji" Aİ və Azərbaycan əməkdaşlığının mərkəzində qalacaq
Avropa İttifaqı (Aİ) eyni zamanda "təmiz enerji"nin inkişafına daha çox diqqət ayıraraq, qaz sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa Komissiyasından "Report"a Aİ-Azərbaycan Yüksək Səviyyəli Enerji Dialoqunun bu yaxınlarda keçirilmiş iclasını şərh edərkən bildirilib.
Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, oktyabrın 2-də Brüsseldə keçirilən Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclasında tərəflər qaz tədarükü perspektivlərini, bərpa olunan enerji mənbələrinin inkişafını, elektrik şəbəkələrini, "yaşıl enerji" dəhlizlərini, enerji səmərəliliyini və metan tullantılarının azaldılmasını müzakirə ediblər.
"Bu, müntəzəm enerji dialoqudur və onun gedişatında biz qaz sahəsində əməkdaşlığımızın davam etdiriləcəyini təsdiqlədik, lakin eyni zamanda komissar Dan Yorgensenin mart ayında (Bakıya - red.) səfəri zamanı müəyyən edilmiş xətti davam etdirərək "təmiz enerji"yə də diqqət yetirdik", - Avropa Komissiyasının nümayəndəsi "Report"a bildirib.
Xatırladaq ki, bu ilin martında Bakıda energetika üzrə komissar Dan Yorgensen və Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasına həmsədrlik ediblər.
Həmin vaxt tərəflər həm təbii qaz tədarükü və enerji təhlükəsizliyini, həm də bərpa olunan enerjinin inkişafını, enerji səmərəliliyini, hidrogeni və metan emissiyalarının azaldılmasını müzakirə ediblər.
Azərbaycan tərəfi bildirib ki, 2025-ci ildə Avropaya 12,8 milyard kubmetr, 2026-cı ilin ilk 8 ayında isə 7 milyard kubmetrdən çox qaz tədarük edilib. Bu il Azərbaycan qazı ilk dəfə olaraq Almaniya və Avstriyaya daxil olmağa başlayıb, bunun nəticəsində Azərbaycandan qaz alan Aİ ölkələrinin sayı 10-a çatıb.
Oxşar xəbərlər
AİİB Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılmasını təsdiqləyib
Asiya İnfrastruktur və İnvestisiya Bankı (AİİB) Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə kredit ayrılmasını təsdiqləyib. BAKU.WS bu ba...