ADB: 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 2,4 % artacaq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın iqtisadi artımını 2025-ci ildə 2,4 %, 2026-cı ildə isə 2 % səviyyəsində proqnozlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, proqnoz ADB-nin sentyabr ayı icmalında yer alıb.
Azərbaycanın 2025-ci il üçün ÜDM artımının qiymətləndirilməsi aprel proqnozu ilə müqayisədə 1 faiz bəndi, 2026-cı il üçün proqnoz isə 1,3 faiz bəndi azalıb.
"Karbohidrogen hasilatının azalması Azərbaycanın iqtisadi artımını 2025-ci ilin birinci yarısında ləngidib. 2024-cü ilin eyni dövründə iqtisadiyyat 4,3 % genişlənsə də, 2025-ci ildə artım tempi 1,5 %-ə düşüb. Əsas səbəb karbohidrogen sektorunun 3,1 % azalması olub, baxmayaraq ki, qeyri-neft iqtisadiyyatı 3,9 % artıb.
Neft hasilatı 5,3 %, qaz isə 0,4 % azalaraq sənaye istehsalının illik müqayisədə bu ilin 6 ayında 0,5 % azalmasına səbəb olub. Bu arada, infrastrukturun bərpası layihələrinə dövlət investisiyalarının artması hesabına tikinti sektoru 8,5 % artıb.
Xidmət sektorunda artım nəqliyyat və rabitənin yavaş inkişafı ilə əlaqədar demək olar, iki dəfə azalıb: 2024-cü ilin birinci yarısında 6,1 %-dən 2025-ci ildə 3,1 %-ə qədər.
Eyni zamanda, kənd təsərrüfatı sürətlənib - artım bir il əvvəl 0,2 %-ə qarşı 1,4 % olub, bu da kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə şərtlənib", - hesabatda deyilir.
Bankın proqnozlarına görə, mülayim iqtisadi artım 2026-cı ilin sonuna kimi davam edəcək.
Xatırladaq ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in artımını 3 %, 2026-cı ildə isə 2,9 % səviyyəsində proqnozlaşdırır. 2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatı 1 % artıb.
Beynəlxalq reytinq agentliklərinin proqnozları müxtəlifdir: "S&P Global" 2025-2026-cı illərdə illik 2 % artım gözləyir, "Fitch Ratings" 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,5 %, "Moody's" isə ildə 2,5 % proqnozlaşdırır.
Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5 % və 2,5 % artım proqnozlaşdırır. Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozlarına görə, Azərbaycanda iqtisadi artımı 2025-ci ildə 2 %, 2026-cı ildə 2,5 % səviyyəsində olacaq. Dünya Bankı Azərbaycanda iqtisadi artımın 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 % səviyyəsində olacağını gözləyir.
Oxşar xəbərlər
SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marke...
