Evdar qadınlara müavinətin verilməsilə bağlı YENİ AÇIQLAMA

Evdar qadınlara müavinətin verilməsilə bağlı YENİ AÇIQLAMA
İqtisadiyyat 743

"Evdar xanımlar ailələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Onlar işsiz olduğu üçün maddi-sosial təminatlarının gücləndirilməsi vacibdir".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov evdar qadınlara müavinətin verilməsinə dair təklifə münasibət bildirərkən deyib.

Nazir müavini qeyd edib ki, bu günə qədər müavinətlərin 30 faizi birbaşa qadınlara deyil, uşaqlara dəstək vermək üçün ünvanlanıb:

"Azərbaycanda hazırda 14-ə yaxın belə sosial müavinət var. Fikrimcə, qurumlar tərəfindən belə bir təklif olsa, bu məsələ müzakirə oluna bilər, çünki növbəti ilin büdcə müzakirələri davam edir.

Nazirlik təkliflərə açıqdır. Hazırda çoxuşaqlı ailələrə uşaq yeni doğulanda müavinət verilir".

Nazir müavini bildirib ki, evdar qadınlara müavinətin verilməsinə sistemli yanaşmaq lazımdır:

"Müavinət, təqaüd əsasən həssas qruplara, pensiya ala bilməyən işsiz insanlara verilir.

Bu işə sistemli şəkildə yanaşmaq lazımdır ki, digər müavinətlərlə uzlaşsın, mütənasiblik nəzərə alınsın. Bundan başqa qabaqcıl təcrübəyə də baxmaq lazımdır".

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova noyabrın 22-də keçirdiyi mətbuat konfransında evdar qadınlara dövlət tərəfindən dəstək verilməsi məsələsini qaldırıb:

"Təəssüf ki, ölkəmizdə hələ də işləməyən qadınlar var. Bəzi ölkələrdə evdar qadınların əməyinin daha yüksək qiymətləndirilməsi üçün xüsusi vəsait ayrılır. Uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”.

Son xəbərlər