VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb". 
 
BAKU.WS-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev geniş kollegiya iclasında çıxış edərkən söyləyib. Onun sözlərinə görə, hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili, Neftçala Sənaye Məhəlləsində infrastrukturun yaradılması işləri intensiv şəkildə davam etdirilir.
 
"Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması demək olar ki, başa çatdırılıb və dörd rezident tərəfindən 1 milyard ABŞ dollarından çox investisiyanın yatırılması planlaşdırılır. Artıq Parkın rezidenti "Azertexnolayn” şirkəti dəyəri 45 milyon ABŞ dolları olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalayıb. Balaxanı Sənaye Parkında xarici infrastrukturun qurulması əsasən başa çatdırılıb, 4 rezident tərəfindən 10 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur".

Nazir qeyd edib ki, Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 milyon dollar olan ilk sifariş yerinə yetirilib: "Hazırda dəyəri 400 milyon dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır. İndiyədək isə Azərbaycan İnvestisiya Şirkəti tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak edib. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib.

Neftçala Sənaye Məhəlləsində isə yaxın aylarda sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 iş yeri açılacaq. Masallıda Sənaye Məhəlləsinin təşkili üçün hazırlıq işləri aparılır".

Nazir əlavə edib ki, hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da texnoparkların, sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.
 
BAKU.WS