SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Mərkəzi Bank artıq sərt addımlara başlayıb. İlin ilk ayında 4 bankı yola salıb. Yaxın günlərdə və ya həftələrdə daha bir neçə bankın bağlanması gözlənilir. Mərkəzi Bankın belə tələsik addımının səbəbi aydındır. Səbəb bağlanması planlaşdırılan bankların taleyini "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun qəbuluna qədər həll etməkdir. Milli Məclisin növbəti iclası fevralda olacaq. Qanun da fevral ayı ərzində qəbul edilib qüvvəyə minəcək".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev söyləyib. Mütəxəssis hesab edir ki, hökumət bağlanacaq bankların əmanətlərini tam qaytarmaq istəmir və ona görə belə tələsik addımlar atılır. Yerdə qalan problemli bankların taleyini konsolidasiya yolu ilə həll edəcəklər.

"Hər zaman bankların konsolidasiyasının tərəfdarı olmuşam və düşünmüşəm ki, bankların sayının azaldılmasına ehtiyac var. Ancaq Mərkəzi Bankın hazırda atdığı tələm-tələsik və selektiv seçmə şəklindəki addımlarının bir sıra neqativ fəsadları olacaq və onun zərbəsi əmanət bazarına və əmanətçilərə dəyəcək. Əmanət bazarının kiçilməsi sürətlənəcək, əhalinin banklara etibarı azaldacaq. Bağlanan banklar arasında xeyli əmanətçi kontingenti olan banklar var. Məsələn, NBCbank 1 dekabr tarixinə 95 milyon manatlıq depozitə malikdir ki, bunun da 68 milyon manatı əhalinin payına düşür. Bu əmanətlərin heç də hamısı qorunmur. Ətrafımda olan xeyli insan tanıyıram ki, onların əmanətinin təxminən 50-60%-i kompensasiya məbləğinə uyğundur. Yerdə qalanın taleyi bankın maliyyə vəziyyətinin ümidinə qalacaq".

S.Əliyevin sözlərinə görə, sonuncu devalvasiya ən çox zərbəni banklarla yanaşı dollar əmanətçilərinə vurdu: "Qanunvericiliyə görə, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Milli valyutaya münasibətdə hər şey aydındır. Payı onsuz da 20% civarındadır. Ancaq dollar əmanətlərində vəziyyət daha faciəlidir. Mövcud hədd ötən ilin bu vaxtları təxminən 38500 dolları tam sığortalamağa imkan verirdisə, hazırda bu rəqəm 19 min dollara qədər azalıb. Əmanətlərin sığortalanması sisteminə ümid edib məsələn, 30 min dollarlıq (illik 12%) əmanət yerləşdirən və bank bağlanacağı təqdirdə bunun hamısını alacağına ümid edən əmanətçi nəyə görə, əsas məbləğdən 11 min dollar (18 min manat) itirməlidir və ümidini bankın vəziyyətinə bağlamalıdır? Artıq mövcud yanaşmada dollar əmanətçiləri ilə manat əmanətçiləri arasında diskriminasiya yaradılır. Axı, manatın ucuzlaşması hökumətin qərarı əsasında baş verib. Hökumət öz gəlirlrini artırmaq üçün və valyuta ehtiyatını qorumaq üçün bu addımı atıb və onun zərbəsi təkcə kredit sahiblərinə yox, həm də ləğv edilmiş banklardakı dollar əmanətçilərinə dəyib".

İqtisadçının fikrincə, hökumət "Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edərək kompensasiya olunan məbləği 50 min manata (təxminən 31250 dollar) qaldırmalıdır və bunu bağlanmış banklara da şamil etməlidir.
 
Şahin Həbibov
BAKU.WS