"Ötən 5 ay ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 mlrd manatdan çox vəsait daxil olub ki, bu da proqnozdan 130 mln manat çoxdur. Proqnoz tapşırığına isə 114% əməl olunub". 

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, vergi yoxlamaları azalıb:

"2018-ci ildə öncəki ilə nisbətən səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 4 dəfə azalıb və 1 mln vergi ödəyicisi üçün cəmi 176 səyyar vergi yoxlaması qeydə alınıb".

Nazir müavini deyib ki, fəaliyyətində ilkin nöqsan aşkar edilmiş sahibkara xəbərdarlıq edilir:

"Əgər ilkin olaraq xəbərdarlıq edilmirsə ona qarşı heç bir sanksiya tətbiq edilə bilməz. Bəzi sahibkarlar var ki, onlar "bulanıq suda balıq tutmaq daha asandır" prinsipi ilə çalışırlar. Bu isı digər şəffaf sahibkarların fəaliyyətinə ziyandır".

Onun sözlərinə görə, təkcə 5 ayda Vergilər Nazirliyi xətti ilə 3 mlrd 138 min manatdan çox vəsait daxil olub: "Bu proqnoz tapşırığından 286,5 mln manat çoxdur. Bu çox böyük bir rəqəmdir. Vaxtilə biz bu rəqəmlərlə bağlı ancaq arzu edə bilərdik. Ötən ilə nisbətən büdcəyə vergi daxilolmalarının məbləği 262 mln manat artıb".
BAKU.WS