"Bu qərar bizi narahat edən əsas sosial məsələlərin birinin həlli deməkdir".

Bu açıqlamanı iqtisadçı ekspert Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, fərmana əsasən 10 min ABŞ dollara qədər olan borclara güzəştlər tətbiq ediləcək. Bu zaman iki müddət bir-birindən ayrılır.


"Nəhayət xarici valyutada olan kreditlərə güzəşt tətbiq olundu. Azərbaycan Prezidenti tərəfindən problemli kreditlərinin həlli ilə bağlı fərman imzalandı. Fərmanda nələr nəzərdə tutulur və kimlər güzəştdən istifadə edə biləcək?

Qeyd edək ki, devalvasiya nəticəsində yaranan fərqə güzəştin verilməsi formulası İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təklif etdiyi mexanizmdir. Əvvəlla, güzəştdən fiziki şəxs olan vətəndaşlarımız faydalanacaqlar.

Bu zaman birinci devalvasiyadək olan dövr və birinci və ikinci devalvasiya arasındakı müddət əsas götürüləcək. 2012-ci il yanvarın 1-dək 2015-ci il dekbarın 21-dək, yəni birinci devalvasiyadək olan dövr üçün hər 1 dollar 0.25 qəpik güzəşt hesablanacaq.

Bu o deməkdir ki, birinci devalvasiyadək 10 min dollar kredit götürmüş vətəndaşın manatla krediti 7800 manat idisə devalvasiyadan sonra bu rəqəm 10500 manatadək yüksəldi.

Fərmanla birinci devalvasiyadək 10 min dollar kredit götürən vətəndaş əsas məbləğə 2500 manat güzət əldə edə bilər. Bununla da onun əsas borcu 10500 manatdan 8000 manatadək azaldılır.

Birinci devalvasiya və ikinci devalvasiya arası götürülən kreditlər üçünsə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu 10 min dollara 6 min manat güzəşt deməkdir.

Fərmanla fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyyə olunur.

Bu faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılması anlamına gəlir.

Sənədə əsasən, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər veriləcək. Bu o deməkdir ki, vətəndaşlar banklardan illik 1 faizlə manatla kredit götürməklə digər öhdliklərini ödəyə biləcəklər.

Hər bir vətəndaşa ödəniləcək güzəştin maksimum məbləği 5 min dollar olacaq. Bu isə o deməkdir ki, 10 min dollar kredit götürən şəxs onun yarısı qədər maksimum məbləğ olmaqla güzəşt əldə edə biləcək", - deyə V.Bayramov bildirib.

iqtisadçı ekspert Rövşən Ağayev isə bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən güzəşt 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq.


Ekspert bildirib ki, güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq.

“Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür. Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinəcək.

2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik dövlət büdcəsindən ödəniləcək. 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödəniləcək.

Dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə bilavasitə vətəndaşın özünə çatdırlır.

Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək.

Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub.

Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödəniləcək”.

Ekspert bildirib ki, devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xətti açılacaq.

Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.5%-lə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə modern.az-a deyib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.


"Fərmanda 2015-ci ildə baş verən 21 fevral və 21 dekabr devalvasiyaları ilə bağlı ayrıca bəndlər nəzərdə tutulub.

Birinci devalvasiyadan sonra əhalinin banklara olan borcunun artan hissəsi 0.27 qəpik idisə, bugünkü fərmanla onun 0.25 qəpiyi silinib. İkinci devalvasiyadan sonra artan hissə 0.92 qəpik olmuşdusa, onun da 60 qəpiyi silinib.

Fərmanla kreditlərin borc hissəsinə dəyilmir, əsasən borcun artan hissəsinə güzəşt edirlər”.

Parlamentarinin sözlərinə görə, eyni zamanda bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına göstərişlər verilib:

"Bu qurumlara 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, bank sistemində faiz dərəcələri aşağı salınsın. Bank sisteminin kapitallaşamsı təmin olunsun, banklar normal fəaliyyət göstərə bilsin.

Burada banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş

və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən ediləcək. Bu siyahı müəyyən edildikdən sonra isə fərmanın icrasına başlanılacaq”.

Prezidentin bu fərmanı əsas borcu 10 min dollara qədər olan kreditlərə şamil edilir və bir nəfərə ümumi yardımın məbləği 5 min dolları keçməyəcək.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ilkin olaraq fərman ancaq fiziki şəxslərə və dollarla krediti olan şəxslərə aid edilir:


“Bu fərman ancaq devalvasiya nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı dövlətin öz üzərinə müəyyən öhdəlik götürməsidir. Formul olaraq iki əsas ana xətt var.

Birincisi, kreditlərin ana məbləği, yəni ilkin götürülmüş məbləğ 10 min dollardan çox olmayan kreditlərə aid edilir. Yəni fərman 10 min dollara qədər kredit götürmüş vətəndaşlara aid edilir

İkincisi, ödəniləcək yardımın – dəymiş ziyanın kompensasiyası da 5 min dolları keçməməlidir. Yəni fərman götürdüyü kreditin məbləği - əsas borcu - 10 min dollardan yuxarı olan vətəndaşlara aid edilmir və borcların faizlərlə 5 min dollarlıq hissəsi dövlət tərəfindən ödənilir.

Formul olaraq 0,78 - 0,79 məzənnə ilə götürülən kreditlər xatırlayırsınızsa, birinci devalvasiyaya qədər 1,05 qəpik oldu. Bunun da ana borcu qalıb, yəni götürülən ana borc 0,78 məzənə ilə ödənilməlidir.

Ancaq devalvasiya nəticəsində manatla artan borc təqribən 25 qəpik olub. Bu 25 qəpik dövlət tərəfindən ödəniləcək”.

Ekspert birinci devalvasiyadan sonra, ikinci devalvasiyaya qədər olan kredit borclarına da aydınlıq gətirib:

“Bu zaman rəsmi məzənnə 1,55 qəpik oldu. Birinci devalvasiya ilə ikinci devalvasiya arasında 10 min dollara qədər kredit götürmüş vətəndaşların məzənnə fərqi - yəni 60 qəpiyi yenə dövlət tərəfindən ödəniləcək.

Yəni ana borc 1,05 qəpikdən ödəniləcək, məzənnədən yaranan borc - 60 qəpiklik hissəni isə dövlət öz üzərinə götürəcək. Ancaq burada yenə vətəndaşa ediləcək yardımın məbləği 5 min dolları keçməməlidir.

Bunun üçün dövlət büdcəsindən vətəndaşların borclarını ödəmək üçün banklara və kredit təşkilatlarına təqribən 900 milyon manata yaxın vəsait ayrılacaq.

Bu borc yalnız fiziki şəxslərə, 1 və 2-ci devalvasiyadan sonra valyuta ilə götürülmüş kreditlərə aid ediləcək. İkinci devalvasiyadan sonra valyuta ilə götürülmüş kreditlərə isə bu fərman aid edilmir.

Yəni ikinci devalvasiyadan sonra kredit götürənlər borclarını həmin məzənnə ilə və indiki şərtlərlə də geri qaytaracaq”.

Ziya SƏCCAD
BAKU.WS