13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 
"Nəzərə alınmalıdır ki, manatın məzənnəsinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının idarə olunmasında hər hansı problemlə bağlı deyil, dünyada gedən proseslərin ölkəyə mənfi təsiri ilə əlaqədardır. Amma cənab prezidentin də qeyd etdiyi kimi, hakimiyyət neftin ucuzlaşması ilə bağlı yaranmış durumu Azərbaycan iqtisadiyyatı üçün bir sınaq kimi dəyərləndirir. İlin yekunları da göstərir ki, Azərbaycan bu sınaqdan çıxmağı bacarıb, yanacaq-enerji sektorunda gəlirlər azalsa belə, ölkə öz dinamik inkişafını dayandırmayıb".
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı AZƏRTAC-a müsahibəsində bildirib. PA rəsmisi qeyd edib ki, burada mühüm amil kimi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərə alınmalıdır:
 
"Vaxtilə belə qərar qəbul olunmasaydı, enerji resurslarından əldə olunan gəlirlərin bir qismi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilməsəydi vəziyyət həqiqətən də acınacaqlı ola bilərdi. Bu, Azərbaycan Prezidentinin uzaqgörənliyini, dünyada gedən prosesləri düzgün qiymətləndirdiyini və ölkəni, cəmiyyətimizi qlobal təhdidlərdən etibarlı şəkildə qorumaq üçün vaxtında lazımi tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir".

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial istiqamət həmişə prioritet olub, dünyada yaşanan iqtisadi təbəddülatların Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün lazımi önləyici addımlar atılıb. Məhz buna görə də il ərzində sosial proqramların icrasında ləngimə olmayıb. Bu il əhalinin pul gəlirləri 5,8 faiz artıb. Sosial infrastrukturun yaradılmasına ayrılmış vəsait hesabına ölkədə 34 məktəb, 26 uşaq bağçası tikilib və ya əsaslı şəkildə təmir edilib. Son illər ərzində ölkə üzrə müasir standartlara uyğun tikilmiş və ya əsaslı təmir olunmuş tibb müəssisələrinin sayı 500-ü keçib. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün irimiqyaslı layihələr davam etdirilib".
 
Əli Həsənov vurğulayıb ki, bu gün ölkədə 114 min ailə və ya 500 minə yaxın insan ünvanlı sosial yardım alır. Hər ailəyə dövlət tərəfindən orta hesabla ayda 153 manat yardım göstərilir: "Qeyd edilməlidir ki, devalvasiya sosial baxımdan mənfi haldır və təbii olaraq vətəndaşların maddi durumuna öz mənfi təsirini göstərir. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bu prosesi öz axarına buraxmayıb və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirib, bu məqsədlə müvafiq tənzimləyici mexanizmlərdən istifadə edib. Daxili istehsalın stimullaşdırılması, korrupsiya, rüşvətxorluq və digər bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud situasiyadan öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə götürməsi və s. tədbirlər məqsədyönlü şəkildə davam etdirilir".
 
BAKU.WS