VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk üç ayı ərzində 897 min sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 15 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 362 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 104 min sərnişin düşüb.

768 min sərnişin (sərnişin dövriyyəsinin 85,6 faizi) beynəlxalq reyslərlə daşınıb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 52 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-mart ayları ərzində bu istiqamətlərə 597 min sərnişin uçub.

Cari ilin mart ayından Əbu-Dabidən Bakıya müntəzəm reysləri BƏƏ-nin aparıcı aviaşirkətlərindən biri – “Etihad Airways” yerinə yetirməyə başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

2018-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

BAKU.WS