Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişinlərin artımı üzrə ən yüksək göstəriciyə nail olub
Heydər Əliyev Beynəlxalq Hava Limanı 2017-ci ilin yanvar-iyun ayları ərzində 1,69 milyon sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji göstəricisindən 31 faiz çoxdur.
Hava Limanının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, təkcə iyunda 322 min nəfərə xidmət göstərilib ki, bu da ilk dəfə olaraq 2014-cü ildən bəri sərnişinlərin ümumi sayına görə və 2012-ci ildən bəri isə artım göstəricisinə görə ən böyük rəqəmdir.
Cari ilin birinci yarısında "Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 960 min sərnişin düşüb ki, bunun da 252 min nəfəri daxili reyslərlə daşınıb.
Sərnişinlərin 85 faizi (1 milyon 438 min nəfər) beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Hava Limanının beynəlxalq daşımalarının 49,2 faizi AZAL-ın, 50,8 faizi xarici aviadaşıyıcıların payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanından 50 müxtəlif şəhərin 53 hava limanına reyslər yerinə yetirilir.
İyunda Rusiyanın "IRAERO” aviaşirkəti Krasnoyarsk şəhərindən Bakıya uçuşlar yerinə yetirməyə başlayıb. Cari ilin sentyabr ayından Azərbaycan aşağı büdcəli aviaşirkəti "Buta Airways”in uçuşları gözlənilir.
Qeyd edək ki, bu ilin iyul ayından etibarən "FlyDubai” aviaşirkəti Qəbələ hava limanına müntəzəm reyslər yerinə yetirməyə başlayıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.
Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək "Skytrax World Airport Awards" mükafatına layiq görülüb.
BAKU.WS
Oxşar xəbərlər
Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişin dövriyyəsini xeyli artıb
2017-ci ilin yanvar-may ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 37 min sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin analoji göstəricis...