SİZİN REKLAM BURADA!
055 213 76 73


İstismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalına qadağaya bazarın reaksiyası sürətli oldu. 20 faizə qədər qiyməti artan avtomobillər var. Bu qərarın avtomobil parkının yenilənməsi üçün təsirinin isə zamanla olacağı bildirilir.

Aprelin sonlarından istismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı qadağan edilib. Bu qərarın verilməsinin səbəbləri sırasında bir neçə məqam qeyd edilmişdi. Ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq, yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkının yenilənməsi, köhnə avtomobillərdən havaya atılan zərərli maddələrin miqdarının azaldılması ilə ekoloji vəziyyətin yaxşılaşdırılması və s. Bu qadağa tətbiq ediləndə onun Azərbaycanın avtomobil bazarına, qiymətlərə təsiri də proqnozlaşdırılırdı. Qərarın tətbiqindən təxminən beş ay zaman keçib. Proqnozlar özünü nə dərəcədə doğruldur? İlkin təsirlər nələrdən ibarətdir?

“Kaspi” qəzeti məqalədə bu və digər suallara cavab axtarıb.

“Proqnozumuz özünü doğrultmadı”

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər deyir ki, bu qadağaya avtomobil bazarı sürətli reaksiya verdi:

“Qərarın tətbiqindən sonra avtomobil bazarında və insanlar arasında bir ajiotaj yarandı. Təxminən 3 faiz civarında qiymət artımı proqnozlaşdırırdıq. Proqnozumuz özünü doğrultmadı. Bahalaşma təxminən 5 faiz civarında oldu. Yay mövsümünün başlamasına baxmayaq, avtomobil bazarında iyun ayında may ayına nisbətən daha çox aktivlik müşahidə edildi”.

Qərarın qarşıdakı dövrdə bazara təsirlərinə gəlincə, E.Cəfər bildirdi ki, iyul ayında ölkəyə gətirilən yeni avtomobillərin qiymətində 3-5 faiz bahalaşma olub:

“Bu, Azərbaycanın avtomobil bazarına bağlı məsələ deyil. Dünyanın aparıcı avtomobil istehsalçıları özləri də may ayında anons vermişdilər ki, yay mövsümünün ikinci yarısından yeni avtomobillərin qiyməti 3-5 faiz civarında yüksələcək. Köhnə avtomobillərin qiyməti hazırda stabildir”.

Yeni avtomobillərin qiyməti dəyişməyib

Usta Dəniz Ağabəyli deyir ki, istehsal tarixi 2014-cü ilə qədər olan avtomobillərin qiymətində 20 faizə qədər artım var:

“Köhnə avtomobillər artıq Azərbaycana daxil olmayacağına görə, ölkədə həmin avtomobillərə müəyyən tələb yaranıb. Bu da qiymətlərə öz təsirini göstərib, həmin avtomobillərin qiymətində artım qeydə alınıb. Avtomobillərə görə, artım faizi dəyişir. Məsələn, 40 min manatlıq avtomobilin qiyməti 3-5 min manat artıb. 15-20 min manata ala biləcəyimiz avtomobil üçün indi 1,5-2 min manat daha artıq vəsait ödəməliyik. Qiyməti 20 faizə qədər artan avtomobillər də var. 2014-cü ildən sonra olan avtomobillərin qiymətində dəyişiklik yoxdur”.

D.Ağabəyli bildirdi ki, qarşıdakı dövrdə köhnə avtomobillərin qiymətində xüsusi dəyişiklik gözlənilmir:

“Baş verən dəyişikliyə bazarın reaksiyasının olacağı gözlənilirdi, o da müşahidə edildi. Qiymət artımı davamlı gedə bilməz. Bundan sonrakı dövr üçün hər hansı qiymət artımı proqnozlaşdırmırıq. Bir müddət bu templə gedəcək. Ümumilikdə də avtomobil bazarında aktivlik zəifdir”.

Köhnə avtomobillərə pul verməyin nə dərəcədə uyğun olub-olmadığına gəlincə, D.Ağabəyli bildirdi ki, insanlara “köhnə avtomobil almayın” demək olmaz:

“Bu, seçim məsələsidir. “Mercedes-Benz” “E” klass avtomobilləri 6-7 il əvvəl 12-15 min manata Azərbaycana gətirmişik. 6-7 il sürməyimizə baxmayaraq, həmin avtomobilin qiyməti 20 min manatdır. İtirdiyimiz bir şey yoxdur. Ancaq istənilən halda yeni, avro standartlara cavab verən avtomobilləri, elektromobilləri məsləhət görürük. Həm ekologiyanın təmizliyi üçün yaxşıdır, həm də dünyadakı yeniliklərlə ayaqlaşmalıyıq”.

BAKU.WS