SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakıda 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi başlayıb. Sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir. 

"Caspian Oil & Gas” layihəsinə Energetika Nazirliyi və SOCAR dəstək verir. Builki sərginin ekspozisiyası çərçivəsində 200-dən çox şirkət bir araya gələrək neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirir.

Bu il Xəzər neft-qaz sərgisində 30 ölkənin 240 şirkəti iştirak edir. Sərgiyə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri qatılıb. İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edir. Hər il "Caspian Oil&Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edir. 

Sərgi 1-4 iyun arasında davam edəcək. 

Bu gün həmçinin 6-cı Xəzər beynəlxalq "Energetika və Alternativ enerji” sərgisi də işə başlayır. 1-4 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan 6-cı Xəzər beynəlxalq "Energetika və Alternativ enerji” ("Caspian Power 2016”) sərgisi keçiriləcək. Sözügedən sərgi "ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group” şirkətləri çıxış edirlər.
 
BAKU.WS