Uçuşlar dayandı, banklar və kəşfiyyat sistemi çökdü - ABŞ-dəki rəqəmsal böhranın səbəbi açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də günlərdir davam edən ardıcıl texniki nasazlıqlar ölkənin ən kritik infrastruktur sahələrini iflic edərək genişmiqyaslı böhrana çevrilib.
BAKU.WS xəbər verir ki, hava nəqliyyatına nəzarət sistemlərindəki problemlər səbəbindən minlərlə aviareys ləğv edilib, milyonlarla sərnişin səyahət planlarını dəyişməyə məcbur qalıb.
"Microsoft" xidmətlərində başlayan kəsintiləri bank əməliyyatlarındakı fasilələr, aviaşirkətlərin sistem xətaları və kəşfiyyat qurumlarındakı texniki aksamalar izləyib.
Vaşinqtonda təhlükəsizlik müzakirələrini alovlandıran hadisələrdən sonra ABŞ Konqresi rəsmi şəxslərdən izahat tələb edib.
Texnologiya böhranının ilk böyük dalğası 12 noyabrda "Microsoft 365" xidmətlərində qeydə alınıb.
Başda "Outlook" və "Exchange Online" olmaqla korporativ rabitə platformalarında yaranan problemlər minlərlə şirkətin işini axsadıb.
Təxminən 24 saat davam edən fasilə qlobal qurumların vahid rəqəmsal infrastrukturdan nə dərəcədə asılı olduğunu bir daha göstərib.
Bunun ardınca, 13 noyabrda ABŞ aviasiya tarixinin ən ağır nasazlıqlarından biri yaşanıb. Federal Aviasiya Administrasiyasının (FAA) hava nəqliyyatına nəzarət sistemlərindəki rabitə və radar xətaları səbəbindən ölkə üzrə bütün uçuşların dayandırılmasına qərar verilib
4 saat 45 dəqiqə ərzində yeni reyslərin havaya qalxmasına icazə verilmədi, havada olan 3500-ə yaxın təyyarə isə təhlükəsiz şəkildə yerə endirilib.
FAA-nın məlumatına görə, həmin gün təxminən 12 462 reys ləğv olunub.
Uçuşların dayandırılması Nyu-York, Los-Anceles, Çikaqo, Dallas və Vaşinqton başda olmaqla ölkənin ən böyük hava limanlarında uzun növbələr yaradıb.
İlkin mərhələdə 1,5 milyondan çox sərnişinin planları pozulub, yüzlərlə insan gecəni terminal döşəmələrində, ədyallara bürünərək keçirməli olub.
"Flightradar24" platformasının statistikasına əsasən, normal vaxtlarda ABŞ səmasında eyni anda 3600-dən çox təyyarə olduğu halda, qadağa müddətində bu rəqəm 336-ya qədər enib. Böhran Avropa, Kanada və Meksika istiqamətli beynəlxalq uçuşlara da ciddi təsir göstərib.
FAA-nın apardığı texniki araşdırmalar nəticəsində bəlli olub ki, böhrana hava nəqliyyatına nəzarət mərkəzlərini birləşdirən köhnə rabitə infrastrukturundakı qeyri-sabitlik səbəb olub.
Sistemin bəzi bölmələrinə hər 4-5 saniyədə təxminən min qoşulma sorğusunun daxil olması şəbəkəni həddindən artıq yükləyib.
Problemin Texas ştatının Amarillo şəhərindəki radar obyekti və Arkanzasdakı "El Dorado" rabitə mərkəzində yeni yönləndirici (router) cihazların quraşdırılması zamanı yarandığı ehtimal edilir.
ABŞ nəqliyyat naziri Şon Daffi köhnəlmiş sistemlər yenilənməzsə, gələcəkdə daha ağır halların baş verə biləcəyi barədə xəbərdarlıq edib. Kəsintilər təkcə aviasiya ilə məhdudlaşmayıb.
"Apple" şirkətinin "App Store", "Apple Music", "AppleCare" və bəzi "iCloud" xidmətlərinə giriş məhdudlaşıb. Ən diqqətçəkən hadisə isə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili rabitə şəbəkəsində baş verən kəsinti olub. Kəşfiyyat qurumunun sistemindəki nasazlıq Vaşinqtonda ciddi təhlükəsizlik narahatlığı doğurub.
Ardıcıl böhranlardan sonra 18 noyabrda ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində təcili iclas keçirilib.
FTB rəsmisi Kristofer Raya və Milli Kəşfiyyat direktoru Cey Kleyton da zərərli kiberfəaliyyətə dair heç bir dəlil tapılmadığını, problemlərin daxili texniki yenilənmələr və profilaktik işlərlə bağlı olduğunu bildiriblər.
Buna baxmayaraq, demokrat konqresmen Den Qoldman kəşfiyyat rəhbərliyinin cavablarını qeyri-müəyyən adlandıraraq tənqid edib.
Mütəxəssislər hesab edirlər ki, süni intellekt alətlərinin proqram təminatlarındakı təhlükəsizlik boşluqlarını sürətlə aşkarlaması texnologiya şirkətlərini daha tez-tez yeniləmələr etməyə məcbur edir.
Bu tələsik yeniləmələr isə bəzən gözlənilməz sistem xətalarına yol açır.
Oxşar xəbərlər
Tramp: Putinlə Ukraynadakı münaqişənin başa çatmasını istəyirik
Ukraynadakı münaqişə məsələsinin həlli üzrə müəyyən proseslər artıq baş verir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp APEC...