Tramp süni intellekt üçün 500 milyard dollar ayıracaq

Tramp süni intellekt üçün 500 milyard dollar ayıracaq
Dünya 81

ABŞ Prezidenti Donald Tramp süni intellekt infrastrukturu üçün 500 milyard dollarlıq xüsusi sektor sərmayəsinin yatırılacağını açıqlayıb.

BAKU.WS xəbər verir ki, xarici KİV bu barədə məlumat yayıb.

Tramp OpenAI şirkətinin baş direktoru Sem Altman, SoftBank-ın rəhbəri Masayoşi Son və Oracle İdarə Heyətinin sədri Larri Ellison ilə keçirdiyi mətbuat konfransında, OpenAI, Oracle və SoftBank-ın "Stargate" adlı ortaq bir təşəbbüs quracağını bildirib. Tramp bu təşəbbüs çərçivəsində ABŞ-nin süni intellekt infrastrukturu üçün ən az 500 milyard dollar sərmayə qoyulacağını və bunun tarixdəki "ən böyük süni intellekt infrastrukturu layihəsi" olduğunu qeyd edib.

Bu layihə nəticəsində 100 mindən çox amerikalı üçün iş yerlərinin yaradılması gözlənilir. Tramp, sərmayənin reallaşdırılması üçün təcili qərarlar alacağını bildirərək, "Çoxlu enerji istehsal etmələri lazımdır və biz bunu öz müəssisələrində asanlıqla təmin etmələrinə şərait yaradacağıq," deyib.

Prezident Trampın açıqlamasına görə, "Stargate" layihəsi süni intellekt sahəsində növbəti nəsil yenilikləri dəstəkləmək üçün həm fiziki, həm də virtual infrastruktur quracaq. Bu, nəhəng məlumat mərkəzlərinin inşasını da əhatə edəcək. Oracle İdarə Heyətinin sədri Larri Ellison, Texasda artıq ilk məlumat mərkəzinin tikintisinin başladığını təsdiqləyib.

Elon Musk-ın TikTok-u satın almasına münasibət bildirən Tramp, Musk və ya Oracle sədri Larri Ellison tərəfindən TikTok-un alınmasına açıq olduğunu qeyd edib.

Toplantının sonunda Tramp zarafatla, "TikTok-u telefonuma yükləyə bilərəm. Gənclərin səslərini qazandıq. Düşünürəm ki, TikTok sayəsində qalib gəldim, bu səbəbdən TikTok-un ürəyimdə xüsusi yeri var," deyə bildirib.

Son xəbərlər