Su fasilələri ən çox Argentinaya fayda verib
2026-cı il futbol üzrə dünya çempionatında tətbiq edilən məcburi su fasilələrinin oyunların gedişinə təsiri ilə bağlı aparılan araşdırma maraqlı nəticələr ortaya qoyub. Təhlilə əsasən, bu fasilələrdən ən çox yararlanan komanda Argentina millisi olub.
BAKU.WS xəbər verir ki, BBC Dünya Xidmətinin 100 oyunun statistikası əsasında hazırladığı təhlildə FIFA-nın isti hava şəraiti səbəbindən tətbiq etdiyi su fasilələrinin gözlənilməz dərəcədə qol sayına təsir etdiyi müəyyən edilib.
ABŞ-nin Northeastern Universitetinin professoru Brennan Kleynin rəhbərlik etdiyi araşdırmaya görə, hər hissənin ortasında verilən təxminən üç dəqiqəlik fasilədən sonrakı ilk beş dəqiqədə vurulan qolların sayı gözləniləndən xeyli çox olub. Statistik hesablamalara əsasən, həmin vaxt intervalında normal şəraitdə təxminən 27 qol gözlənildiyi halda, bu mundialda 38 qol qeydə alınıb.
Araşdırma göstərib ki, turnirdə iştirak edən 48 komandadan 27-si su fasiləsindən sonrakı beş dəqiqə ərzində qol vurub. Bu göstəricidə ən uğurlu komanda Argentina olub. Cənubi Amerika təmsilçisi fasilələrdən sonra üç qol vurub və həmin vaxt intervalında qol buraxmayıb. Ən aşağı göstərici isə cəmi bir qol vuran İngiltərə millisində qeydə alınıb.
Tədqiqat zamanı məlum olub ki, qol sayının artması zərbələrin sayının çoxalması ilə deyil, onların daha keyfiyyətli olması ilə bağlıdır. Alimlərin fikrincə, fasilədən sonra futbolçular qapıya daha yaxın mövqelərdən zərbə endirdikləri üçün dəqiqlik artır.
Qeyd edək ki, su fasilələrinin tətbiqi azarkeşlər arasında birmənalı qarşılanmayıb. Bəzi tənqidçilər bunun oyunun ritmini pozduğunu və televiziya reklamları üçün əlavə imkan yaratdığını iddia etsələr də, araşdırma oyunun tempində və ya müdafiəçilərin səhvlərində nəzərəçarpacaq artımın olmadığını göstərib.
Oxşar xəbərlər
Deniz Baykalın həyat yoldaşı Olcay Baykal vəfat edib
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Deniz Baykalın həyat yoldaşı Olcay Baykal 88 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir k...