Rusiyanı 20-ci ağır sanksiya gözləyir - Belarus da kənarda qalmayacaq
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni - 20-ci sanksiya paketinin hazırlanması üzərində işləyir.
BAKU.WS-in məlumatına görə, bu dəfə məhdudiyyətlər Belarusiyaya da şamil ediləcək.
Avropa Komissiyasının maliyyə xidmətləri üzrə komissarı Maria Luiş Albuqerke Litvanın paytaxtı Vilnüsdə keçirilən tədbirdə bildirib ki, Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini hazırlayır:
"Artıq 19-cu paketə bəzi Belarus subyektləri daxil edilmişdi. Ümid edirik ki, bu proses davam edəcək".
O, əlavə edib ki, Belarusa qarşı məhdudiyyətlərin hazırlanması prosesi hələ ilkin mərhələdədir. Avropa Komissiyası hazırda üçüncü ölkələrlə də əməkdaşlıq edərək sanksiyaların dolayısı yollarla pozulmasının qarşısını almağa çalışır.
Avropa rəsmisinin sözlərinə görə, bəzi ölkələr Rusiyanın sanksiyalardan yayınmasına yardım edir, buna görə də Brüssel həmin dövlətlərlə dialoqu genişləndirir.
Xatırladaq ki, 23 oktyabr 2025-ci ildə Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmən təsdiqləmişdi.
Həmin paketə aşağıdakılar daxil idi:
Rusiya bank sektoruna və kriptovalyuta əməliyyatlarına əlavə məhdudiyyətlər;
Rusiya neftini daşıyan 100-dən çox xarici bayraqlı tankerə sanksiya;
Rusiya diplomatlarının Aİ ölkələri daxilində hərəkətinə məhdudiyyətlər.
Qeyd edək ki, yeddi Aİ ölkəsi Rusiyadan gətirilən mallara əlavə gömrük rüsumlarının tətbiqini dəstəkləyib. 20-ci sanksiya paketi Rusiya iqtisadiyyatına bir neçə istiqamətdə təzyiqi artıracaq.
Yeni məhdudiyyətlər rus banklarının beynəlxalq əməliyyat imkanlarını daha da daraldacaq. Bu, Rusiya şirkətlərinin valyuta və xarici kredit resurslarına çıxışını çətinləşdirəcək. Neft tankerlərinə və enerji tranzitinə tətbiq olunan sanksiyalar Rusiyanın əsas gəlir mənbəyinə - enerji satışına - birbaşa təsir edəcək.
Avropa şirkətləri ilə əməkdaşlığın məhdudlaşdırılması, xüsusilə yüksək texnologiya və sənaye sahələrində, Rusiyanın modernləşmə potensialını azaldacaq. Belarusun da daxil edilməsi sanksiya mexanizmini daha sərt və effektiv edəcək, çünki Minsk uzun müddətdir Moskvanın iqtisadi "arxa qapısı" rolunu oynayırdı.
Xatırladaq ki, Aİ-nin ardıcıl sanksiya siyasəti Rusiyanı Çin, İran və Qlobal Cənub ölkələri ilə iqtisadi əlaqələri gücləndirməyə məcbur edir. Lakin bu istiqamət də Qərb bazarlarının tam alternativi ola bilmir. Yeni sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı struktur dəyişiklikləri və idxal məhdudiyyətləri ilə üzləşəcək, bu isə inflyasiya və sosial xərclərin artımına səbəb ola bilər.
Oxşar xəbərlər
Kanadalı alimdən şok iddia - Yadplanetlilər Ayda gizlənərək Yeri izləyirlər
Kanadanın Karlton Universitetinin professoru Aleks Elleri maraqlı və mübahisəli iddia ilə çıxış edib. Onun sözlərinə görə, yadplanetlilər Ayda gizlənərək Yeri v...