Rusiya: "ABŞ ilə artıq müharibəni yox, sülhü müzakirə edəcəyik"

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığını ikitərəfli dialoq üçün güclü siqnal kimi qiymətləndirib.
"Bu, artıq problemləri dialoq yolu ilə həll edəcəyimizə dair güclü mesajdır. Artıq müharibəni deyil, sülhü müzakirə edəcəyik", – deyə Peskov "Rossiya-1" telekanalına verdiyi müsahibədə bildirib.
O, əvvəlki ABŞ administrasiyası ilə dialoqun olmadığını qeyd edərək, Trampın problemləri danışıqlar yolu ilə həll etmək istəyini yüksək qiymətləndirdiklərini vurğulayıb.
Peskov Putin və Trampın üz-üzə görüşünün xüsusi hazırlıq tələb etdiyini deyib. O, həmçinin Trampın və digər dövlət başçılarının 9 May - İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etməsindən məmnun qalacaqlarını bildirib. Kremlin sözçüsü əlavə edib ki, Tramp istədiyi vaxt Rusiyaya səfər edə bilər.
Peskov xatırladıb ki, Rusiya müharibədən əvvəl Ukrayna məsələsini Minsk razılaşmaları ilə həll etməyə çalışıb:
"Əgər bu razılaşmalar icra olunsaydı, Ukrayna bütöv qalardı", – deyə o vurğulayıb.
Kremlin sözçüsü Qərbin Rusiyanı aldatdığını iddia edərək, gələcək münasibətlərdə bu təcrübəni nəzərə alacaqlarını və Kiyevin müstəqil qərarlar qəbul etmədiyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Suriyada "Hizbullah"a silah satan qruplaşmanın üzvləri SAXLANILDILAR
Suriya təhlükəsizlik qüvvələri silah qaçaqmalçılığı və satışı ilə məşğul olan, eyni zamanda Livanın "Hizbullah" təşkilatına silah satan cinayətkar qrupu ifşa ed...
