Qızlarını baxımsızlıqdan itirən valideynlərə 8 il həbs cəzası verildi

Qızlarını baxımsızlıqdan itirən valideynlərə 8 il həbs cəzası verildi
Dünya 27

Böyük Britaniyada məhkəmə 32 yaşlı qızlarının ölümünə görə valideynləri Bernita Davis və Alan Davisi səkkiz il müddətinə azadlıqdan məhrum edib.

BAKU.WS Daily Mail-ə istinadən xəbər verir ki, onların qızı Steffi Davis uzun müddət lazımi tibbi yardım və qulluqsuz qalıb.

Qadının meyiti ailənin evində təcili yardım çağırıldıqdan sonra aşkarlanıb. Məhkəmə materiallarında qeyd olunub ki, o, son dərəcə zəifləmiş vəziyyətdə olub və bədənində ağır infeksiyalaşmış yataq yaraları aşkarlanıb. Həkimlər ölüm səbəbi kimi sepsis və kritik dərəcədə aşağı çəki fonunda yaranmış fəsadları göstəriblər.

İstintaq müəyyən edib ki, Steffi təxminən bir il yataq vəziyyətində qalıb. Buna baxmayaraq, valideynlər tibbi yardıma müraciət etməyib və onun vəziyyətinə laqeyd yanaşıblar. İşə baxan hakim Mary Stacey bildirib ki, qadın həyatının son aylarında ciddi əzab və ağrılar çəkib.

Hadisə yerinə gələn şəxslər otağın son dərəcə baxımsız vəziyyətdə olduğunu və kəskin qoxu hiss edildiyini deyiblər. Onların sözlərinə görə, ölüm hadisəsi təcili yardım çağırılmamışdan bir neçə gün əvvəl baş verib.

Telefon yazışmaları da göstərib ki, Steffi uzun müddət hərəkət edə bilməyib və yardım istəsə də, müraciətləri cavabsız qalıb. Ekspertlər yataq yaralarının ən azı bir neçə həftə müalicə olunmadığını təsdiqləyiblər.

Valideynlər ehtiyatsızlıqdan ölümə səbəb olmaq maddəsi ilə təqsirlərini etiraf ediblər. İlkin mərhələdə onlar qəsdən adam öldürmə şübhəsi ilə istintaqa cəlb olunmuşdular. Məhkəmə vurğulayıb ki, qadının vəziyyəti valideynlərin hərəkətsizliyi nəticəsində ağırlaşıb.

Son xəbərlər