Livanda matəm elan olundu, "Hizbullah" İsrailə cavab zərbəsi endirdi

Livanda matəm elan olundu, Hizbullah İsrailə cavab zərbəsi endirdi
Dünya 67

Livan hökuməti aprelin 9-nu ölkə üzrə ümummilli matəm günü elan edib.

BAKU.WS xəbər verir ki, qərar Baş nazir Nəvaf Salam tərəfindən İsrailin son hücumları nəticəsində həyatını itirənlərin xatirəsini anmaq məqsədilə qəbul olunub.

Məlumata görə, İsrail ordusunun Livana endirdiyi genişmiqyaslı zərbələr nəticəsində azı 254 nəfər həlak olub. Hücumlar regionda yeni əldə olunmuş atəşkəs razılaşmasının fonunda baş verib və bu, vəziyyəti daha da gərginləşdirib.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Rəsmi Tehran bu müddətdə Hörmüz boğazı üzərindən təhlükəsiz keçidin təmin olunacağını açıqlayıb. Lakin İsrail bu razılaşmanın Livanı əhatə etmədiyini bildirərək hərbi əməliyyatları davam etdirib.

Baş verənlərə cavab olaraq "Hizbullah" da hərəkətə keçib. Təşkilat yaydığı bəyanatda atəşkəsə sadiq qaldığını vurğulasa da, İsrailin hücumlarına cavab olaraq Livanın Əl-Manara qəsəbəsi istiqamətindən raket zərbələri endirildiyini bildirib.

Bəyanatda qeyd olunub ki, bu addımlar "ölkəni və xalqı müdafiə etmək məqsədi daşıyır" və İsrail-ABŞ tərəfindən həyata keçirilən hücumlar dayandırılana qədər davam edəcək.

Digər tərəfdən, İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf bildirib ki, Livanda atəşkəsin təmin olunması ümumi razılaşmanın əsas şərtlərindən biri idi.

Hazırkı vəziyyət Yaxın Şərqdə onsuz da həssas olan təhlükəsizlik balansını daha da sarsıdır və regionda genişmiqyaslı qarşıdurma riskini artırır.

Son xəbərlər