Lidersiz etirazlar - İran rejimi üçün nəzarəti çətinləşdirən yeni REALLIQ
"İranda baş verən son etirazları qısaömürlü bir qalxış və ya dərhal nəticə verəcək inqilabi proses kimi qiymətləndirmək doğru olmaz.
Hazırda müşahidə olunan vəziyyət, illərdir yığılıb qalan struktural legitimlik böhranının daha dərin bir mərhələyə keçməsidir.
Etirazlar müəyyən dövrlərdə səngiyə bilər, amma ölkə əvvəlki vəziyyətinə geri qayıtmır. Bunun əsas səbəbi narazılıqların təkcə iqtisadi problemlərlə məhdudlaşmaması, idarəetmə modeli, ayrı-seçkilik, real təmsilçiliyin olmaması və siyasi tıxanıqlıqla birbaşa bağlı olmasıdır".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Cənubi azərbaycanlı milli fəal Babək Çələbiyanlı deyib.
Lidersiz etirazlar - İran rejimi üçün nəzarəti çətinləşdirən yeni REALLIQ
O bildirib ki, xalqın güvəndiyi və önə çıxan konkret liderin olmaması ilk baxışda zəiflik kimi görünə bilər:
"Ancaq İran reallığında bu vəziyyət müəyyən mənada məntiqli və funksionaldır. Tarixi təcrübə göstərir ki, önə çıxan hər bir sima ya sürətlə həbs edilir, ya da təhlükəsizlik mexanizmləri ilə təsirsiz hala salınır. Bu səbəbdən indiki etirazlar daha çox şəbəkəvi, yerli və sosial xarakter daşıyır. Bu pərakəndəlik koordinasiyanı çətinləşdirir, amma eyni zamanda rejimin tək bir mərkəzi və ya bir şəxsi vurmaqla prosesi tam dayandırmaq imkanını da əlindən alır. Nəticədə birdəfəlik dəyişiklik yox, tədrici siyasi aşınma baş verir.
Ayrı-ayrı etnik xalqların, xüsusilə Cənubi Azərbaycan türklərinin və kürdlərin paralel şəkildə etirazlara qoşulması prosesin siyasi çəkisini artırır. Cənubi Azərbaycanda etirazlar yalnız yaşayış səviyyəsi ilə bağlı deyil, eyni zamanda ana dili, mədəni ləyaqət, bərabər vətəndaşlıq və struktur ayrı-seçkiliyin aradan qaldırılması tələbləri ilə bağlıdır. Bu tələblər etirazlara daha dərin sosial məzmun verir və onları asanlıqla yatırılan reaksiyadan çıxarır. Kürd bölgələrində isə uzun illərdir davam edən təhlükəsizləşdirmə siyasəti, repressiya və hüquqsuzluq etirazların daha tez siyasi xarakter almasına səbəb olur. Bu bölgələrin eyni vaxtda aktivləşməsi Tehran üçün ciddi problem yaradır. Bir tərəfdən təhlükəsizlik resursları parçalanır, digər tərəfdən "etirazlar məhduddur" narrativi zəifləyir. Doğrudur, bu vəziyyət "separatizm" kimi damğaların istifadəsi riskini də artırır, amma təcrübə göstərir ki, bu cür yanaşma uzunmüddətli perspektivdə nə sabitlik yaradır, nə də problemi həll edir. Əksinə, dövlətlə toplum arasındakı etimadı daha da sarsıdır", - deyə müsahibimiz vurğulayıb.
Onun sözlərinə görə, bu şəraitdə Prezident Məsud Pezeşkianın mövqeyi olduqca məhduddur:
"O, sistemdaxili bir fiqurdur və real güc mərkəzlərinin sərhədlərini aşmaq imkanına malik deyil. Pezeşkian etirazlara açıq dəstək verə bilməz, çünki bu halda sürətlə kənarlaşdırılar. Tam sərt mövqe tutsa, cəmiyyət gözündə legitimliyini itirər. Buna görə də onun rolu əsasən ümumi empatiya ifadələri və real dəyişiklik yaratmayan məhdud islahat vədləri ilə məhdudlaşır. Praktiki olaraq bu rol təzyiqi azaltmaq üçün nəzərdə tutulmuş bir amortizator funksiyası daşıyır. Prezident institutunun zəiflədilməsi və ya strukturunun dəyişdirilməsi ehtimalına gəlincə, bu ssenari tam realdır. İran siyasi sistemində əsas prioritet hüquqi formalardan çox, hakimiyyətin davamlılığıdır. Prezidentlik indiyə qədər həm seçki görüntüsü yaratmaq, həm də narazılığın bir hissəsini səsəvermə yolu ilə boşaltmaq üçün istifadə olunub. Əgər bu mexanizm artıq işə yaramırsa və ya əksinə, böhranı dərinləşdirirsə, onun səlahiyyətlərinin daha da boşaldılması, icra gücünün paralel strukturlara ötürülməsi və ya ümumilikdə rolunun texniki səviyyəyə endirilməsi mümkündür. Pezeşkianın yenidən hakimiyyətdə qalması və ya geri dönməsi isə xalqın iradəsindən çox, rejimin taktiki hesablamalarından asılıdır. Sistem hesab etsə ki, o, hələ də "islahat ümidi" görüntüsünü qorumaq üçün faydalıdır, saxlanıla bilər. Əks halda, rahatlıqla kənara çəkiləcək. Cənubi Azərbaycan və kürd bölgələri baxımından isə əsas məsələ şəxslər deyil, dil, mədəni hüquqlar və real siyasi təmsilçilik imkanlarını məhdudlaşdıran strukturdur. Bu struktur dəyişmədikcə, adların dəyişməsi həlledici nəticə verməyəcək.
Ümumilikdə, indiki etirazlar İranı sürətli bir sonluğa aparmaya bilər, amma mövcud idarəetmə modelinin əvvəlki vəziyyətinə qayıtmasını faktiki olaraq mümkünsüz edir. Cənubi Azərbaycan və kürd bölgələrinin daha aktiv iştirakı bu prosesi həm dərinləşdirir, həm də rejim üçün daha bahalı və idarə olunması çətin hala gətirir. Bu isə uzunmüddətli hakimiyyət və legitimlik böhranının güclənəcəyini göstərir", - Çələbiyanlı fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Kliçko sakinləri Kiyevi tərk etməyə çağırıb
Kiyev sakinlərinə elektrik və istilik təchizatı ilə bağlı problemlər səbəbindən imkan daxilində şəhəri tərk etmək tövsiyə olunub. BAKU.WS xəbər verir ki, bu ça...