İsrail Qəzza zolağında genişmiqyaslı əməliyyata hazırlaşır

İsrail Müdafiə Ordusu (İDF) Qəzza zolağında genişmiqyaslı quru əməliyyata hazırlaşır.
BAKU.WS xəbər verir ki, "The Times of Israel" nəşrinin yazdığına görə, bu əməliyyat ABŞ Prezidenti Donald Trampın bu ay ərəb ölkələrinə səfəri zamanı israilli girovların azad edilməsinin mümkün olmaması halında həyata keçiriləcək.
Adı açıqlanmayan yüksək rütbəli hərbi məmurun sözlərinə görə, "Gideonun arabaları" adlı əməliyyat planı hökumət kabineti tərəfindən yekdilliklə təsdiqlənib. Əməliyyatın əsas məqsədi HƏMAS-ın məhv edilməsi və bütün israilli girovların azad olunmasıdır.
Plana əsasən, Qəzza zolağının cənubuna "kütləvi əhali təxliyəsi" həyata keçiriləcək ki, bu da İsrail ordusuna "tam əməliyyat azadlığı" təmin edəcək. Bildirilir ki, İDF qüvvələri nəzarət altına alınan ərazilərdə uzun müddət qalacaq və təhlükə yarada biləcək bütün obyektlər tamamilə məhv ediləcək.
Brifinq zamanı hərbi rəsmi bildirib ki, əməliyyat başlamazdan əvvəl Qəzzaya humanitar yardımların çatdırılması müzakirə olunmayacaq. Yardımlar yalnız əməliyyat başladıktan sonra planlaşdırılır. Əməliyyatdan sonrakı mərhələdə Rəfah şəhərinin cənubunda "steril zona" yaradılması nəzərdə tutulur. Bu zonanın təhlükəsizliyini İsrail ordusu təmin edəcək, yardım isə "vətəndaş təşkilatları" tərəfindən paylanacaq.
NBC News-ın daha əvvəl yaydığı məlumata görə, İsrail rəhbərliyi əməliyyatda özəl hərbi şirkətlərin istifadəsini də nəzərdən keçirir. Əməliyyatın məqsədlərindən biri də Qəzza sakinləri üçün "könüllü şəkildə digər ölkələrə köç imkanının yaradılması"dır.
Hərbi rəsmilər bildiriblər ki, girovların azad edilməsi ilə bağlı razılaşma əldə olunmasa, "Gideonun arabaları" əməliyyatı tam gücü ilə başlayacaq və qarşıya qoyulan məqsədlər tam yerinə yetirilənədək davam edəcək.
Qalereya

Oxşar xəbərlər
Temu Çin məhsullarının ABŞ-yə birbaşa tədarükünü dayandırdı
Çinin onlayn pərakəndə satış nəhəngi Temu ABŞ-də strateji dəyişiklik edərək Çin məhsullarının bu ölkəyə birbaşa çatdırılmasını dayandırıb. BAKU.WS xəbər verir k...