İspaniyada Yerə aid olmayan xəzinə tapılıb

İspaniyada Yerə aid olmayan xəzinə tapılıb
Dünya 71

İspaniyada 60 ildən çox əvvəl aşkar edilmiş məşhur tunc dövrünə aid xəzinənin tərkibində iki diqqətəlayiq artefaktın meteorit dəmirindən hazırlandığı müəyyən edilib.

BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri "Trabajos de Prehistoria" elmi jurnalında dərc olunub.

Söhbət 1963-cü ildə indiki Alikante əyalətində tapılmış və "Vilyena xəzinəsi" kimi tanınan 66 əşyadan ibarət kolleksiyadan gedir. Əsasən qızıl məmulatlardan ibarət olan bu xəzinə tunc dövrü zərgərlik sənətinin Avropadakı ən mühüm nümunələrindən sayılır və eramızdan əvvəl təxminən 1500–1200-cü illərə aid edilir.

Lakin xəzinədəki iki əşya – qızıl elementlərlə bəzədilmiş içiboş metal yarımkürə və biləkbağı uzun müddət alimlər üçün sual doğurmuşdu. Onlar zahirən dəmirdən hazırlanmış təsiri bağışlayırdı. Halbuki Pireney yarımadasında dəmir dövrü yalnız e.ə. 850-ci illərdə başlayıb.

Araşdırmalar göstərib ki, bu məmulatlar adi dəmirdən deyil, nikel tərkibi yüksək olan meteorit dəmirindən hazırlanıb. Alimlər Vilyena Arxeologiya Muzeyinin icazəsi ilə artefaktlardan mikro nümunələr götürərək onları kütlə-spektrometriya üsulu ilə analiz ediblər. Güclü korroziyaya baxmayaraq, nəticələr əşyaların yüksək ehtimalla meteorit mənşəli olduğunu təsdiqləyib.

Bu tapıntı həmin məmulatların da xəzinənin qalan hissəsi ilə eyni dövrə – e.ə. XIV–XII əsrlərə aid olduğunu göstərir. Tədqiqatçılar hesab edirlər ki, bu artefaktlar İberiya yarımadasında meteorit dəmirindən hazırlanmış ən qədim nümunələr ola bilər.

Alimlərin fikrincə, bu fakt tunc dövrü ustalarının metallurgiya biliklərinin əvvəl düşünüləndən daha inkişaf etmiş olduğunu və onların "göydən düşən" nadir və prestijli materialla işləməyi bacardıqlarını göstərir.

Bununla belə, tədqiqat müəllifləri yekun nəticələr üçün ehtiyatlı yanaşmağın vacibliyini vurğulayır və gələcəkdə artefaktlara zərər verməyən, daha müasir analiz üsullarının tətbiq olunacağını bildirirlər.

Son xəbərlər