İranda SON DURUM

İranda SON DURUM
Dünya 452

Bu gün səhər saatlarımda ABŞ və İsrail İrana hücum edib. Nəticədə Tehranın hər yerində partlayış səsləri eşidilib.

BAKU.WS "Əl-Cəzirə"ya istinadən xəbər verir ki, Tehranın Universitet küçəsinə və Cumhuri ərazisinə bir neçə raket düşüb, şəhərdə tüstü qalxır.

İranın yarı-rəsmi Tasnim xəbər agentliyi Tehranın şimalındakı Seyid Xəndan ərazisində də partlayışların baş verdiyini bildirib. Digər İran mediası qərbi İlam əyaləti də daxil olmaqla, ölkə miqyasında hücumlar barədə məlumat verib.

ABŞ prezidenti Donald Tramp birgə hücumların "İran rejimindən gələn təhdidləri aradan qaldırmaq" məqsədi daşıdığını bildirib.

"Qısa müddət əvvəl ABŞ ordusu İranda böyük döyüş əməliyyatına başlayıb. Məqsədimiz İran rejimindən gələn təhdidləri aradan qaldırmaqla Amerika xalqını müdafiə etməkdir", - deyə o bildirib.

İsrailin müdafiə naziri İsrael Katz İsrailin raket hücumunu "İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmaq" üçün həyata keçirdiyini iddia edib.

ABŞ rəsmisi "Əl-Cəzirə"yə bildirib ki, hücumlar İsrail və ABŞ arasında birgə hərbi əməliyyat kimi həyata keçirilib. İsrail nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün İrana təzyiq göstərmək məqsədilə bölgədə çoxlu sayda qırıcı təyyarə və hərbi gəmi toplayıb.

"Associated Press" agentliyinin verdiyi məlumata görə, İran paytaxtında hədəf alınan ərazilərdən biri Ali Lider Ayətullah Əli Xameneinin ofislərinin yaxınlığında olub. Lain qeyd olunyb ki, Xamenei Tehranda deyil və təhlükəsiz yerə köçürülüb.

"Əl-Cəzirə"nin Tehrandan xəbər verən müxbiri Maziar Motamedi bildirib ki, paytaxtın bir neçə ərazisində mobil rabitə kəsilib. "Hazırda zəng etmək mümkün deyil", - deyə o vurğulayıb.

İsrail Hava Limanları İdarəsi hava məkanının bütün mülki uçuşlar üçün bağlandığını açıqlayıb və ictimaiyyəti hava limanına gəlməməyə çağırıb.

Bu arada, ABŞ-nin Qətərdəki səfirliyi bütün personal üçün sığınacaq tətbiq etdi və bütün vətəndaşlarına növbəti xəbərdarlığa qədər eyni şeyi etməyi tövsiyə olunub. İraq Nəqliyyat Nazirliyi milli hava məkanını bağladığını bildirib.

Son xəbərlər