İran Prezidenti: Memorandum tam icra olunsa, regionda yeni mərhələ başlaya bilər

İran Prezidenti: Memorandum tam icra olunsa, regionda yeni mərhələ başlaya bilər
Dünya 16

ABŞ və İran arasında razılaşdırılan memorandumun bütün müddəalarının yerinə yetiriləcəyi təqdirdə regionda yeni siyasi vəziyyət formalaşa bilər.

BAKU.WS xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian IRIB telekanalına açıqlamasında deyib.

Prezident bildirib ki, sənədin detalları münasib vaxtda ictimaiyyətə təqdim olunacaq. O, danışıqlar prosesində iştirak edən İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafa, xarici işlər naziri Abbas Əraqçiyə, Ali Milli Təhlükəsizlik Şurasının üzvlərinə və prosesə töhfə verən digər şəxslərə təşəkkürünü ifadə edib.

Məlumata görə, İran və ABŞ arasında hazırlanan memorandum 14 maddədən ibarətdir. Sənəddə Livan da daxil olmaqla regionun bütün istiqamətlərində hərbi əməliyyatların dərhal və daimi dayandırılması nəzərdə tutulur. ABŞ-nin isə qoşunlarını İrana yaxın ərazilərdən çıxarması, ölkənin suverenliyinə hörmət etməsi və daxili işlərinə müdaxilə etməməsi öhdəliyi yer alıb.

Bundan başqa, memorandumda 30 gün ərzində dəniz blokadasının aradan qaldırılması və Hörmüz boğazında beynəlxalq gəmiçiliyin tam bərpası da əksini tapıb.

Sənədə əsasən, İran neftinin satışına tətbiq olunan sanksiyaların dayandırılması, Vaşinqtonun yeni məhdudiyyətlər tətbiq etməməsi və danışıqlar dövründə regionda hərbi mövcudluğunu artırmaması da razılaşdırılan məsələlər sırasındadır.

Memorandum həmçinin İranın təxminən 24 milyard dollar dəyərində dondurulmuş aktivlərinə çıxışının təmin edilməsini, eləcə də ABŞ və müttəfiqlərinin ümumi dəyəri 300 milyard dollara çatan bərpa layihələrində iştirakını nəzərdə tutur.

Bunun müqabilində Tehran nüvə silahı hazırlamamaq öhdəliyini üzərinə götürür. Tərəflərin yekun sazişi 60 günlük danışıqlardan sonra imzalayacağı gözlənilir.

Qeyd edək ki, radikal "Hizbullah" qruplaşması da memorandumu dəstəklədiyini açıqlayıb və sənədin Livan da daxil olmaqla bütün cəbhələrdə atəşkəs üçün zəmin yaratdığını bildirib.

Xatırladaq ki, ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu iyunun 15-də ABŞ Prezidenti Donald Tramp açıqlamışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər