İran ABŞ ilə İslamabadda keçiriləcək danışıqlarda iştirakını təsdiqlədi

İran ABŞ ilə İslamabadda keçiriləcək danışıqlarda iştirakını təsdiqlədi
Dünya 35

İran prezidenti Masud Pezeşkian Pakistanın baş naziri Şahbaz Şərif ilə telefon danışığında Tehranın ABŞ nümayəndələri ilə danışıqlarda iştirak edəcəyini təsdiqləyib. Danışıqların həftənin sonunda İslamabad şəhərində keçirilməsi planlaşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə Pakistan hökumətinin ofisi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Prezident Pezeşkian baş nazirə təşəkkürünü bildirib və Pakistan rəhbərliyinin İranla ABŞ arasında müvəqqəti atəşkəsin əldə olunmasındakı səylərini yüksək qiymətləndirib. O, İranın İslamabadda keçiriləcək danışıqlarda iştirak edəcəyini təsdiqləyib", – deyə açıqlamada qeyd olunub.

Bundan əlavə, Pezeşkian Pakistan xalqına ən xoş arzularını çatdırıb. Qeyd olunub ki, Şərif və Pezeşkian arasında "dostcasına söhbət" 45 dəqiqədən çox davam edib.

Bundan bir gün əvvəl ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan etdiyini bildirib. O qeyd edib ki, razılaşma çərçivəsində İran Hörmüz boğazı üzərindən hərəkətin bərpasına razılıq verib. Tramp həmçinin İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinin yerinə yetirildiyini açıqlayıb. Ağ Evdə isə bildirilib ki, İsrail də atəşkəsə qoşulacaq.

Son xəbərlər