II Elizabetin istifadə etdiyi "Bentley" hərraca çıxarılır
Böyük Britaniya kraliçası II Elizabetin istifadə etdiyi "Bentley Mulsanne" avtomobili ilk dəfə hərraca çıxarılıb. Bu avtomobil kraliçanın şəxsi istifadəsində olmuş və gələcəkdə özəl kolleksiyaya daxil edilə biləcək yeganə belə nəqliyyat vasitəsi hesab olunur.
BAKU.WS xəbər verir ki, bu barədə "Broad Arrow Auctions" hərrac evinin rəsmi saytında məlumat verilib.
Hərraca çıxarılan avtomobil 2016-cı ildə II Elizabet üçün xüsusi olaraq hazırlanmış, uzun təkər bazasına malik "Bentley Mulsanne EWB" modelidir. Kraliça bu avtomobildən 2019-cu ilə qədər istifadə edib. Daha sonra ona eyni modelin yeni versiyası təqdim olunub, əvvəlki avtomobil isə "Bentley" şirkətinin Krudakı baş qərargahına qaytarılıb.
https://x.com/1214jack/status/2109425694937846260/video/1?s=46
Şirkət kraliçanın sonradan istifadə etdiyi avtomobili öz kolleksiyasında saxlamaq qərarına gəlib. Buna görə də hərraca çıxarılan "Mulsanne EWB" II Elizabetin istifadə etdiyi və özəl şəxsin mülkiyyətinə keçə biləcək yeganə avtomobil olacaq.
Avtomobilin salonu iki rəngli dəri və qoz ağacından hazırlanmış dekorativ elementlərlə bəzədilib. Döşəmədə qoyun yunundan hazırlanmış xalça yerləşdirilib. İlkin dizaynda kral gerbi də nəzərdə tutulub, ön oturacaqların mərkəzi qoltuqaltıları isə kraliçanın "Launer London" markalı çantası üçün xüsusi bölmə ilə əvəz edilib. Saraydakı xidmət müddəti başa çatdıqdan sonra bu xüsusi elementlər avtomobildən çıxarılıb.
Avtomobil hazırlanarkən II Elizabetin şəxsi istəkləri də nəzərə alınıb. Onun tələbi ilə salona külqabılar və pəncərələr üçün pərdələr quraşdırılmayıb. Kraliça hesab edirdi ki, insanlar onu görmək hüququna malikdirlər. Avtomobilin tünd yaşıl "Barnato" rəngini də məhz özü seçib.
Hazırda Kral III Çarlzın rəsmi səfərlərində istifadə etdiyi dövlət avtomobilindən fərqli olaraq, hərraca çıxarılan "Bentley Mulsanne EWB" zirehli deyil.
Avtomobilin yürüş məsafəsi təxminən 6 min mil, yəni 9,6 min kilometrdir. Ekspertlərin qiymətləndirməsinə görə, eyni yaşda və oxşar yürüş göstəricisinə malik standart "Bentley Mulsanne" modelinin dəyəri təxminən 150 min funt sterlinqə (200 min ABŞ dolları) bərabər ola bilər. Lakin bu avtomobil üçün müəyyən edilən ilkin hərrac həddi 340 min funt sterlinqdir.
Hərracın oktyabrın 14-də keçirilməsi planlaşdırılır. Avtomobilin satış qiymətinin 400–450 min avro arasında olacağı ehtimal edilir.
Qeyd edək ki, "Bentley" uzun illərdir Britaniya kral ailəsinin rəsmi nəqliyyat vasitələri sırasında xüsusi yer tutur. Mərasimlərdə istifadə olunan "Bentley State Limousine" modeli 6,75 litrlik V8 mühərriki ilə təchiz edilib. Avtomobillərə xüsusi marağı ilə tanınan II Elizabetin kolleksiyasında isə "Austin K2/Y", "MG TC", "Land Rover", "Lagonda" və "Alvis TD21" kimi modellər də olub.
Oxşar xəbərlər
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
29 ölkənin xarici işlər nazirləri İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlarda, kiberhücumlarda və digər hibrid əməliyyatlarda ittiham ediblər. B...