Fransa vətəndaş müharibəsi astanasında

Fransa vətəndaş müharibəsi astanasında
Araşdırma
Dünya 78

Fransa cəmiyyəti hazırda son onilliklərin ən gərgin sosial və siyasi böhranlarından biri ilə üz-üzədir.

BAKU.WS-in məlumatına görə, "Daily Mail" nəşrinin tanınmış şərhçisi Conatan Millerin yazdığına görə, ölkə tammiqyaslı vətəndaş müharibəsi astanasına çatıb. Gərginliyin son damcısı isə PSJ-nin Çempionlar Liqasındakı qələbəsindən sonra Paris küçələrində baş verən kütləvi iğtişaşlar olub.

Qeyd edək ki, sözügedən iğtişaşlarda əsasən miqrant mənşəli gənclər iştirak edib. Onlar şəhərin mərkəzində yerləşən Yelisey çöllərini dağıdıb, 264 avtomobili yandırıb, polis əməkdaşlarına hücum ediblər. Nəticədə 600-dən çox insan saxlanılıb.

Xatırladaq ki, Fransa artıq bir neçə ildir ki, miqrasiya siyasəti, şəhər kənarındakı ghetto adlanan qapalı icmalar və artan sosial bərabərsizlik səbəbilə dərin parçalanma yaşayır. Cəmiyyətin bir hissəsi ənənəvi fransız dəyərləri və həyat tərzini, digəri isə sosial təcridə məruz qalan və radikallaşan miqrant nəsillərini təmsil edir.

Müəllif vurğulayır ki, Fransada sanki iki fərqli ölkə formalaşıb: biri - klassik Fransa, mədəniyyətin, turizmin və rahat həyatın mərkəzi; digəri isə – dövlətin nəzarətindən çıxmış, sosial narazılığın qaynayıb-daşdığı şəhərciyəbənzər ərazilərdir. Bu ərazilərdə böyüyən gənclər işsiz, gələcəksiz və aqressiv şəkildə cəmiyyətə qarşı çıxırlar.

Bildirək ki, təhlükəsizlik sistemində ən yüksək – "Urgence Attentat" səviyyəsinə keçid də təsdiqləyir ki, dövlət vəziyyətin son dərəcə təhlükəli olduğunu qəbul edir. Normandiyada fişənglə ağır yaralanan polis əməkdaşı, Dax şəhərində bıçaqlanaraq öldürülən 17 yaşlı gənc, küçələrdə baş verən qarət və talan hadisələri isə artıq adi kriminal hadisələrdən çıxaraq, sistemli zorakılıq və xaosun göstəricisinə çevrilib.

Conatan Miller məqaləsində qeyd edir ki, prezident Emmanuel Makronun "günahkarlar sərt şəkildə cəzalandırılacaq" bəyanatı reallıqda öz təsdiqini tapmayıb. O yazır: "İlk saxlanılanlar sadəcə 500 avro cərimə ilə buraxılıb. Bu isə dövlətin gücünün yetərsizliyini və siyasi iradənin zəifliyini göstərir."

Xatırladaq ki, Fransa uzun müddətdir miqrasiya siyasətində ciddi dəyişikliklərə getmir. Halbuki son sorğular göstərir ki, əhalinin 74%-i miqrantların artan cinayətkarlıqla əlaqəli olduğunu düşünür, 82%-i isə qeyri-qanuni miqrantların ölkədən çıxarılmasını istəyir.

Analitiklərin fikrincə, Fransa hökuməti yalnız hüquq-mühafizə tədbirləri ilə deyil, sosial inteqrasiya, təhsil, məşğulluq və miqrasiya islahatları ilə bu problemlərin kökünə enməli, əks halda ölkədəki parçalanma və gərginlik daha da dərinləşəcək. Çünki mövcud vəziyyət artıq sadəcə təhlükəsizlik problemi deyil, Fransanın milli kimliyi və gələcəyi ilə bağlı ciddi bir böhrandır.

Qeyd edək ki, son hadisələr fonunda daha bir faciə yaşanıb – 14 yaşlı futbolçu futbol matçı zamanı yaşanan fiziki toqquşmadan sonra həyatını itirib. Bu da ölkədəki gərgin emosional atmosferin başqa bir təzahürüdür.

Son xəbərlər