Eskobarın begamotlarının bir hissəsi məhv ediləcək
Kolumbiya hökuməti narkobaron Pablo Eskobarın ölkəyə gətirdiyi və sonradan sürətlə artaraq ekosistemə təhlükə yaradan begamotların bir hissəsinin məhv edilməsini nəzərdə tutan planı təsdiqləyib.
BAKU.WS xəbər verir ki, qərar yerli əhalinin təhlükəsizliyinin təmin olunması və ekosistemin qorunması məqsədi daşıyır.
Kolumbiyanın ətraf mühit naziri İrene Veles bildirib ki, əvvəllər tətbiq edilən qısırlaşdırma və zoparklara köçürülmə kimi üsullar həm baha başa gəlib, həm də effektiv olmayıb.
Məlumata görə, plan çərçivəsində təxminən 80 su ayğırının məhv edilməsi nəzərdə tutulur. Lakin əməliyyatın nə vaxt başlayacağı hələ açıqlanmayıb.
Qeyd edək ki, Kolumbiyada bu heyvanların tarixi 1980-ci illərə gedib çıxır. Pablo Eskobarın şəxsi zooparkı üçün gətirilən cəmi dörd begamotun sayı illər ərzində sürətlə artaraq 2022-ci il məlumatına əsasən 170-ə çatıb. Onların yaşayış arealı isə ilkin məskənlərindən 100 kilometrə qədər genişlənib.
Hazırda su ayğırları bölgədə həm turizm baxımından maraq doğurur, həm də təhlükə mənbəyi hesab olunur. Mütəxəssislər bildirir ki, bu heyvanlar yerli əhali ilə tez-tez qarşılaşır, eyni zamanda digər növlərin yaşayış və qida mənbələrinə mənfi təsir göstərir.
Oxşar xəbərlər
Tramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"
"İtaliyanın Baş naziri Corcia Melonidə yanılmışam". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Corriere Della Sera" qəze...