Donbas cəbhəsində azərbaycanlı jurnalistin erməni hərbçi ilə Qarabağ dialoqu

Donbas cəbhəsində azərbaycanlı jurnalistin erməni hərbçi ilə Qarabağ dialoqu
Foto
Dünya 56

2023-cü ilin mayı idi. Ukraynanın şərqində bahar günəşi təbiəti elə canlandırmışdı ki, insanı mürgüləməyə vadar edirdi. Dnepr şəhərində taksiyə əyləşən kimi yuxuya daldım. İki günlük yolçuluq məni taqətdən salmışdı. Kiyev, Dnepr, Krivoy-Roq... İndi isə Dneprdən qonşu Donetsk vilayətinə, daha dəqiq desək, Pokrovska yollanırdım. Məsafə cəmi 200 kilometr təşkil edirdi.

- Lənət şeytana! - deyə qışqıran və əlini sükana vuran sürücünün səsinə diksindim.

- Nə baş verib?

- Yaxınlığa zərbə endirdilər, partlayış dalğasından az qala avtomobil aşacaqdı. Hiss etmədiniz? - deyə heyrət dolu baxışlarla güzgüdən mənə baxdı. Ona cavab vermədən yuxunu dağıtmağa çalışdım. O qədər dərin yatmışdım ki, deyildiyi kimi, top atılsaydı belə, oyanmazdım. Artıq Pokrovska çatmışdıq.

Donbas cəbhəsində azərbaycanlı jurnalistin erməni hərbçi ilə Qarabağ dialoqu

2023-cü ilin əvvəllərində Pokrovsk, təkcə Donetsk vilayətində deyil, bütövlükdə Ukraynanın cəbhə zonasında ən sakit məntəqələrdən sayılırdı. Gecəni Pokrovskda, Arif dayı adlı həmyerlimin evində keçirdim. Əvvəlcədən razılaşdığım iki hərbçi səhər tezdən gəlib məni götürməli idi. Onların müşayiəti ilə Seversk və Slavyansk kimi qaynar bölgələrə getməli idim. Bu səfər Ukrayna Baş Qərargahının Mətbuat Xidməti ilə razılaşdırılmışdı. Lakin onlar gəlmədilər. Təqdim etdikləri mobil nömrəyə zəng çatmırdı. Baş Qərargahdan maraqlandıqda bildirdilər ki, onlar da həmin hərbçilərlə əlaqə yarada bilmirlər. Həmin gündən etibarən onlardan bir daha xəbər almaq mümkün olmadı.

Planlarım alt-üst olmuşdu. Kiyevdən bura 900 kilometr yol qət etsəm də, reportaj hazırlamaq niyyətim reallaşmırdı. Artıq günorta vaxtı idi. Burada cəmi iki gün qalmağı planlaşdırırdım. Arif dayı həyətdə balaca masa açıb, sobada yemək bişirdi. Zirzəmidən isə evdə çəkilmiş araq gətirdi:

- Özünü sıxma, bacıoğlu. Düzələr. Gəl əyləş, bir az gərginliyi ataq, - deyərək, badələrə süzməyə başladı.

Arif dayı əslən Masallı rayonundandır. 30 ilə yaxındır ki, Pokrovsk şəhərində məskunlaşıb. Əvvəllər bura reportaj hazırlamağa gəldiyim zaman tanış olmuşduq. Qonaqpərvərliyi ilə yanaşı, həm də zarafatcıl insan idi. Müharibə başlayan kimi həyat yoldaşını Azərbaycana yola salıb, özü burada tək qalmışdı.

Arif dayı ilə masa arxasında söhbətləşərkən beynimdə "əraziyə bələd olan hərbçiləri necə tapa bilərəm?" sualı fırlanırdı. Elə bu an Arif dayının telefonu zəng çaldı. Danışıq əsnasında o, mənim adımı çəkib kiməsə salam söylədi. Söhbətini bitirdikdən sonra qarşısındakı badəni içdi və aramla dedi: "Buradakı həmyerlilərimizdən birinin oğludur. Hərbçidir. Səni tanıyır. Salam söylədi". Sözünü tamamlamasına imkan vermədən, dərhal ondan mənə çəkiliş etməsi üçün kömək etməsini xahiş etdim.

"Əlbəttə, edər", - dedi. Nömrəsini götürüb zəng vurdum və həmyerlimlə danışdım. Adı Amil idi. Ukrayna vətəndaşıdır, lakin Azərbaycan dilində səlis danışır. Milli Qvardiyada xidmət edir. Ona vəziyyətimi izah edib, xahiş etdim ki, Slavyansk istiqamətində heç olmasa bələdçi və nəqliyyat məsələsində yardımçı olsun. Tərəddüd etmədən "zəngimi gözlə" deyib sağollaşdı. Təxminən yarım saat keçmişdi. Arif dayı ilə masa arxasında əyləşib söhbət edirdik ki, tanımadığım nömrədən zəng gəldi:

- Salam. Adım Borisdir. Nömrənizi Amil verdi. Mən Drujkovkadakı batalyondanam. Sizi gəlib götürə bilərəm, lakin Baş Qərargahla icazə məsələsini həll etmək lazımdır.

Ertəsi gün səhər tezdən, artıq Baş Qərargahın Kiyevdən verdiyi icazə əsasında Borislə Pokrovskdan çıxıb, minaatanlardan deşik-deşik olmuş Donbas yolları ilə Drujkovkaya doğru irəliləyirdik.

Donbas cəbhəsində azərbaycanlı jurnalistin erməni hərbçi ilə Qarabağ dialoqu

Onların batalyonunun qarşısına çatdıqda, Boris bildirdi ki, 10-15 dəqiqə gözləməliyəm, növbə rəisi gəlib məruzə etsin, sonra Slavyanska doğru kəndlərə çıxaq. Hətta əmin etdi ki, həmin istiqamətdə çəkiliş üçün maraqlı mövzular var.

May istisi Donbasda getdikcə şiddətlənirdi. Boris qərargaha daxil olmuşdu. Mən isə avtomobilin kölgəsində oturub telefonda cəbhə xəbərlərini izləyirdim. Ayaq səslərinə başımı qaldırdım. 5-6 nəfərdən ibarət, əllərində snayper tüfəngləri olan hərbçi qrupu mənə yaxınlaşdı. Kim olduğumu soruşdular. Bildirdim ki, gəlişimin məqsədini və kimliyimi batalyondan dəqiqləşdirsinlər.

Döyüş bölgələrində xüsusilə gələn jurnalistlər üçün yazılmamış bir qayda var. Tanımadığın insanlarla, xüsusən də silahlı şəxslərlə dialoqa girmək düzgün deyil.

Silahlı şəxslər batalyonun qərargahına daxil oldular. Az sonra Boris və bayaqkı dəstədən iki nəfər geri qayıtdı. Boris artıq gedə biləcəyimizi söylədi. Qalxıb maşına əyləşirdim ki, həmin dəstədən olan uzunsaçlı, qabarıq burunlu biri arxamca səsləndi:

-Azərbaycanlısınız?

- Bəli.

- Mən erməniyəm. Daha doğrusu atam ermənidir. Özü də Qarabağdandır.

Geri çevrildim:

- Eşidirəm.

- Heç, sadəcə dedim biləsiniz. Sizinkilər erməniləri orada niyə incidir?

Hiss etdim ki, bu şəxs ya məni qıcıqlandırmaq istəyir, ya da başqa bir məqsəd güdür. Rütbəcə Borisdən yüksək idi. Hiss etdim ki, Boris ona nəsə demək istəmir.

Əhvalımı pozmadan ondan soruşdum:

- Harada incidiblər?

- Qarabağda

- Adınızı bilmirəm, düzü, heç maraqlı da deyil. Amma bu necə "incitməkdir" ki, o "sizinkilər" dedikləriniz azərbaycanlıları, şəxsən mənim qohumlarımı Qarabağda öz evlərindən amansızlıqla qovub, minlərlə insanı qətlə yetirib, qanunsuz olaraq əraziləri zəbt edib orada oturmuşdular? Bu necə incitməkdir ki, bu 30 ildə baş verən qanlı hadisələr ancaq azərbaycanlıların qırılması ilə bağlıdır? Xocalı faciəsi, soyqırımı buna ən bariz nümunədir.

Söhbət elə məcraya yönəldi ki, nəinki yanımızdakı iki ukraynalı, içəri həyətdən də bir neçə nəfər çıxıb bizə yaxınlaşdı. Mənim belə kəskin reaksiyamı gözləməyən erməni, ətrafına baxıb duruxdu. Lakin geri çəkilmək yeri yox idi. Vəziyyəti düzəltməyə çalışıb cavab verdi:

- Yox, mən demək istədim ki, Azərbaycan niyə Qarabağa girib... - sözü ağzında qaldı.

Boris artıq dilləndi:

- Necə girib? Axı ora Azərbaycanın öz ərazisidir.

Borisə onun cavabını gözləməyib məsələni konkretləşdirdim, yenidən ermənidən soruşdum:

- Siz haranın vətəndaşısınız?

- Ukrayna.

- Döyüşçüsünüz?

- Bəli, Ukrayna ordusunun leytenantıyam, - davam etməsinə imkan verməyib digər suala keçdim:

- Durduğunuz ərazi haradır?

- Drujkovka.

- Bilirəm. Amma hara aiddir?

- Donetsk vilayətinə.

- Donetsk vilayəti qanunla hara aiddir?

- Təbii ki, Ukraynaya..

- O zaman sizin separatist məntiqinizlə belə çıxır ki, qarşıda döyüşən tanınmamış "Donetsk Xalq Respublikası"nın ordusu haqlıdır, Ukrayna isə onların ərazisinə girib?! - erməni cavab tapa bilmədi. Ondan cavab gözləmədən qalxıb maşına əyləşib, Borisi səslədim.

Mübariz Aslanov

Son xəbərlər