Ədviyyat bazarında asılılıq problemi: Hansılar daha keyfiyyətlidir?

Ədviyyat bazarında asılılıq problemi: Hansılar daha keyfiyyətlidir?
Foto
Sosial 39

Azərbaycanda ədviyyat bazarı əsasən idxal hesabına formalaşır. Bu da qiymətləri qlobal bazardan asılı vəziyyətə salır. Yerli istehsal yalnız bəzi məhsullarla məhdudlaşır. Mütəxəssislər hesab edirlər ki, idxaldan asılılıq davam edəcək.

Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2.4 faiz artım, kəmiyyət baxımından isə beş faiz azalma deməkdir. Təkcə sarıkök deyil, bir sıra digər ədviyyatlar üzrə də bazar əsasən idxal hesabına formalaşır.

Bəs Azərbaycan niyə ədviyyat baxımından idxaldan asılıdır? Ölkədə ən çox hansı ədviyyatlara ehtiyac var və bu tələbat hansı məhsullarda daha çox cəmlənir? Yerli istehsalın payı niyə hələ də məhduddur və ədviyyat bazarının əsas problemləri nələrdir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ən çox satılan ədviyyatlar

"Nid" ədviyyat şirkətinin satış müdiri İqbal Yasərlinin sözlərinə görə, Azərbaycanda ən çox satılan ədviyyatlar sarıkök, istiot və sumaqdır:

"Bunlar ənənəvi ədviyyatlar hesab olunur. Bayram dövrlərində isə zirinc, zirə, razyana və hilə tələbat artır. Son illər xarici mətbəxlərdə istifadə olunan ədviyyatlara da maraq yüksəlib. Məsələn, kimyon, ugindi, kətan və çia toxumu kimi məhsullar daha çox istifadə olunur. Halbuki 3-5 il əvvəl bu ədviyyatlar istehlakçılar üçün o qədər də maraqlı deyildi. Hazırda ən çox istifadə olunan ədviyyatlar sırasında darçın, sumaq, sarıkök, istiot, nanə, reyhan, kəklikotu və mixək yer alır".

İ.Yasərlinin fikrincə, istiot, sarıkök və zəncəfil xarici bazar məhsullarıdır, çünki bu bitkilər Azərbaycanda yetişmir və iqlim buna imkan vermir:

"Yerli istehsal əsasən dağ sumağı, dağ kəklikotusu və nanə ilə məhdudlaşır. İstiot Çindən və Vyetnamdan gətirilir. Keyfiyyət baxımından Vyetnam mənşəli istiot daha üstün hesab olunur. Sarıkökdə isə Hindistandan gətirilən məhsullar daha keyfiyyətli sayılır".

Ədviyyat bazarında asılılıq problemi: Hansılar daha keyfiyyətlidir?

"Alıcı keyfiyyətli məhsula üstünlük verir"

Satış müdiri bildirdi ki, məhsullar hazır üyüdülmüş formada deyil, əsasən dənə və ya çubuq şəklində alınır:

"Məsələn, istiot dənə şəklində, sarıkök, zəncəfil və darçın isə çubuq formasında tədarük olunur və üyüdülmə prosesi yerində həyata keçirilir. Qiymətlərin formalaşmasına ən çox təsir edən amillər yanacaq qiymətləri, logistika xərcləri və gömrük rüsumlarıdır".

İ.Yasərli bildirdi ki, əvvəllər istehlakçılar əsasən ucuz məhsullara üstünlük verirdisə, indi keyfiyyət daha ön plana çıxır:

"Qiyməti aşağı olan məhsulu alan alıcı, adətən, ikinci dəfə həmin məhsulu seçmir. Məsələn, sarıkök 60 qəpik - bir manat aralığında satılsa da, alıcı bir qədər baha olsa belə, keyfiyyətli məhsula üstünlük verir".

Ədviyyat bazarında asılılıq problemi: Hansılar daha keyfiyyətlidir?

"Ədviyyatlar gün işığına məruz qalmamalıdır"

Müsahibimizin sözlərinə görə, bazarda müəyyən problemlər də mövcuddur:

"Sağlam rəqabət mühiti tam formalaşmayıb, istehsalçılar məhsullara fərqli qiymətlər təyin edirlər. Azərbaycanda bir çox istehsalçı faktiki olaraq yalnız qablaşdırma ilə məşğuldur. Bəzi hallarda məhsul baha alınıb baha satılır, bəzi hallarda isə keyfiyyətsiz məhsullar ucuz qiymətə bazara çıxarılır. Ədviyyatlar gün işığına məruz qalmamalıdır. Lakin bəzi istehsalçılar məhsulları şəffaf qablaşdırmada təqdim edir və bu zaman günəşlə təmas yaranır. Məsələn, mixək günəş altında efir yağını itirə və sellofanla təmasda kimyəvi reaksiyalar baş verə bilər".

"İdxaldan asılılıq davam edəcək"

İqtisadçı Akif Nəsirli isə bildirdi ki, hazırda Azərbaycanda ən çox satılan ədviyyatlar sarıkök, qara istiot, qırmızı istiot, darçın, mixək, zəncəfil, zirə, keşniş toxumu, sumaq və dəfnə yarpağıdır. Gündəlik mətbəxdə geniş istifadə olunan bu məhsullar həm pərakəndə satışda, həm də ictimai iaşə sektorunda əsas paya malikdir:

"Xüsusilə sarıkök, qara və qırmızı istiot sabit, yüksək tələbatlı məhsullar sayılır. Ölkədə ən çox ehtiyac olan ədviyyatlar yerli iqlim şəraitində yetişdirilməsi çətin və ya mümkün olmayan tropik və subtropik mənşəli məhsullardır. Bunlara sarıkök, qara istiot, darçın, mixək və zəncəfil daxildir".

İqtisadçının sözlərinə görə, Azərbaycanda bəzi ədviyyatların yerli istehsalı mövcuddur: "Sumaq, dəfnə yarpağı, keşniş, şüyüd toxumu, reyhan, nanə, zəfəran və qırmızı bibər ölkə daxilində yetişdirilir. Bununla belə, sarıkök, qara istiot, darçın, mixək və zəncəfil əsasən Hindistan, İran, Vyetnam, İndoneziya və digər ölkələrdən gətirilir. İqlimə uyğun olan məhsullar üzrə istehsalın artırılması mümkündür. Zəfəran, qırmızı bibər, keşniş, zirə, sumaq, dəfnə, reyhan və digər aromatik otların istehsalının genişləndirilməsi real hesab olunur. İstixana şəraitində zəncəfil kimi bəzi məhsulların məhdud miqyasda becərilməsi mümkün olsa da, bu, bazarın ümumi tələbatını tam qarşılamaq üçün kifayət etmir. Real ssenaridə ümumi asılılığın təxminən 20-30 faiz azalması mümkün hesab edilir. Lakin tropik məhsullar üzrə asılılıq qalmaqda davam edəcək".

Ədviyyat bazarında asılılıq problemi: Hansılar daha keyfiyyətlidir?

Hansı ədviyyatlar daha keyfiyyətlidir?

"Xüsusilə sarıkök, zəncəfil və qara istiot kimi məhsullarda son illər qiymət artımı daha qabarıq hiss edilir. Qiymətlərin formalaşmasına qlobal bazar, valyuta məzənnəsi, logistika xərcləri, idxal rüsumları və daxili bazarda rəqabətin səviyyəsi təsir göstərir. Əsas təsir qlobal bazardan gəlsə də, nəqliyyat xərcləri bu prosesi daha da sürətləndirir. Keyfiyyət baxımından Hindistan, Vyetnam, Şri-Lanka və İndoneziya mənşəli məhsullar daha üstün hesab olunur. İran bəzi ədviyyatlarda qiymət və keyfiyyət balansına görə bazarda güclü mövqeyə malikdir. Türkiyə isə əsasən qablaşdırma və emal olunmuş məhsullarla seçilir".

Ədviyyat qiymətləri

Sarıkök (zərdəçal): Marketlərdə 20 qramı təxminən 40 qəpik, 50 qramı 2 manat, 80-100 qramlıq paketlər isə 1.8-3.35 manat aralığında satılır. Orta hesabla 100 qram üçün qiymət 2-3 manat təşkil edir. Qırmızı bibər/pul bibər: 15 qramlıq paketlər 65-70 qəpikdir. 40 qramlıq qablaşdırmalar 1.4-2.8 manat, 50-70 qramlıq paketlər isə 2.5-2.8 manat aralığındadır. 100 qram üçün orta qiymət 2.3-2.5 manatdır. Qara istiot: 15 qramlıq paketlər 75 qəpik-1.35 manat, 50 qramlıq paketlər 3.9-4 manat, 100 qramlıq qablaşdırmalar isə 4.5-4.8 manat aralığındadır. Orta hesabla 100 qram üçün qiymət 4 manatdan yuxarıdır. Hil: 5 qramlıq dənəvər paketlər təxminən 2 manat, 10 qramlıq paketlər 0.9-1.45 manatdır. Bu da 100 qram üçün təxminən 15-25 manat deməkdir. Mixək: 15 qramlıq paketlərdə qiymət 3 manatdan yuxarı, 50 qramlıq qablaşdırmalarda isə təxminən 4,5 manatdır. 100 qram üçün qiymət 9-20 manat aralığında dəyişir. Darçın (çubuq): 18-45 qramlıq paketlər 2.5-4.8 manat aralığında satılır. Bu da 100 qram üçün təxminən 12-18 manatlıq qiymət deməkdir".

Son xəbərlər