Britaniya kralının qardaşı Epşteyn qalmaqalı fonunda saxlanılıb

Britaniya kralının qardaşı Epşteyn qalmaqalı fonunda saxlanılıb
Dünya 64

Böyük Britaniya kralı Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ətrafında yaranmış qalmaqal fonunda Britaniya polisi tərəfindən saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" tabloidi məlumat yayıb.

Məlumata görə, sabiq şahzadə dövlət xidmətində qeyri-münasib davranışda şübhəli bilinərək saxlanılıb.

Bundan əvvəl "The Independent" qəzeti Britaniya polisinin Endryunun Epşteynlə əlaqələri barədə yeni məlumatların araşdırılması məsələsini prokurorluqla müzakirə etdiyini yazmışdı.

Jurnalistlərin məlumatına əsasən, sabiq şahzadə Endryu Epşteynə gizli şəkildə Birləşmiş Krallığa aid hökumət sənədlərini ötürmüş ola bilər. Hazırda hüquq-mühafizə orqanları onun hər hansı cinayət əməli törədib-törətmədiyini və genişmiqyaslı istintaqa ehtiyac olub-olmadığını müəyyənləşdirməyə çalışır.

Yanvarın 30-da "United States Department of Justice" Epşteyn işi üzrə yeni sənədlər paketini açıqlayıb. Fayllarda Böyük Britaniya kralının kiçik qardaşına bənzəyən şəxsin fotoları yer alıb. Mətbuatın yazdığına görə, görüntülərdə həmin şəxs yerdə uzanan qadının yanında diz üstə dayanmış vəziyyətdə təsvir olunub. BBC isə fotodakı interyerin Epşteynin Nyu-Yorkdakı malikanəsinin interyeri ilə üst-üstə düşdüyünü iddia edib.

Son xəbərlər