Boçorişvili: Tbilisi, Bakı və Ankara əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli potensiala malikdir
Tbilisi, Bakı və Ankara üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli potensiala malikdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının X Üçtərəfli Görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı fəaliyyət potensialını daha dolğun şəkildə reallaşdıra biləcəyik. Bu, əməkdaşlığın yeni istiqamətlərini açacaq, eyni zamanda, dövlətlərimizin imkanlarından daha səmərəli istifadə etməyə şərait yaradacaq və hər üç ölkənin rifahı naminə tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcək", - o qeyd edib.
XİN rəhbəri vurğulayıb ki, İstanbulda keçirilən görüş zamanı tərəflər iqtisadi məsələləri, eləcə də region ölkələrinin strateji coğrafi mövqeyini müzakirə ediblər:
"Nəqliyyat bağlantısına dair imkanlar bizim üçün mühüm perspektivlər açır. Avrasiya regionunda sülhün bərqərar olması ilə bu bağlantı daha da dayanıqlı olacaq, ticari-iqtisadi əlaqələr isə inkişaf üçün əlavə təkan əldə edəcək. Biz iki qitə arasında körpü rolunu oynamağa can atırıq. Bu gün münasibətlərimizə yeni təkan verə biləcək əlavə əməkdaşlıq istiqamətlərini də müzakirə etdik".
M.Boçorişvili Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini ayrıca qeyd edərək onun potensialından maksimum səmərəli istifadənin vacibliyini vurğulayıb:
"Bu marşrut ticarətin genişlənməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə və regionun daha da inkişaf etməsinə töhfə verəcək".
Nazir, həmçinin Orta Dəhlizin inkişafı, onun ticarət və biznesin genişləndirilməsindəki rolu da daxil olmaqla müzakirə olunan layihələrin vacibliyini vurğulayıb.
M.Boçorişvilinin sözlərinə görə, region üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz sualtı elektrik kabeli layihəsinə xüsusi diqqət yetirilib.
"Biz həmçinin üçtərəfli münasibətləri, onların məzmun və miqyasının genişləndirilməsi imkanlarını müzakirə etdik. Əminik ki, tərəfdaşlığımızın potensialı xeyli genişdir, əməkdaşlığımız isə daha da dərinləşə bilər. Bugünkü görüş Türkiyə-Azərbaycan-Gürcüstan formatının əhəmiyyətini bir daha təsdiqlədi və onun böyük potensialını nümayiş etdirdi", - nazir əlavə edib.
Oxşar xəbərlər
İran İsrailə qarşı əməliyyatları dayandırdı
İran İsrailə yönəlmiş hərbi əməliyyatların dayandırıldığını bəyan edib. BAKU.WS xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb. Bildirilib ki,...