Almaniyadan Suriyanın yeni hakimiyyətinə ultimatum

Almaniyadan Suriyanın yeni hakimiyyətinə ultimatum
Dünya 692

Almaniyanın xarici işlər naziri Annalena Berbok ölkəsinin Suriyaya dəstəyini ölkədə qadın hüquqlarına yeni hakimiyyətin yanaşması ilə şərtləndirib.

Bu barədə "Die Welt" nəşri məlumat yayıb.

"Əgər Suriyada qadınlar təhlükəsizlikdə olmayacaqsa, milyonlarla təhsilli kişi və qadın ölkəni bərpa etmək üçün heç vaxt vətəninə qayıtmayacaq",- deyə Annalena Berbok bildirib.

O, Suriyaya səfəri zamanı ölkənin yeni hakimiyyətinə açıq şəkildə söyləyib ki, əgər qadın hüquqları məhdudlaşdırılarsa, Suriya Avropa İttifaqından maliyyə dəstəyi ala bilməyəcək.

Qeyd edək ki, yanvarın 3-də Suriyanın yeni administrasiyasının nümayəndələri, ölkəyə elan edilməmiş səfərlə gələn Almaniyanın xarici işlər naziri il əl sıxmaqdan imtina ediblər. Nəşr olunan videoda Berbokun hökumət təyyarəsinin trapından enərək Suriyanın yeni administrasiyasının nümayəndələrinə doğru irəlilədiyi görünür. Görüş zamanı Suriya rəsmiləri əllərini ürəklərinin üstünə qoyaraq alman nazirə əl uzatmaq niyyətində olmadıqlarını nümayiş etdiriblər.

Bundan sonra Almaniya nümayəndə heyətindən bir kişi onlara yaxınlaşıb və suriyalılar ona məmnuniyyətlə əl uzadıblar.

Daha sonra Suriyanın yeni hakimiyyətinin Dəməşqdəki görüşdən sonra paylaşdığı fotoda Berbokun üzü mozaik edilmiş formada təqdim edilib.

Oxşar xəbərlər

Son xəbərlər