ABŞ öldürülən aktivistlə bağlı paylaşımlara görə 6 nəfərin vizasını ləğv etdi

ABŞ öldürülən aktivistlə bağlı paylaşımlara görə 6 nəfərin vizasını ləğv etdi
Dünya 38

ABŞ Dövlət Departamenti, öldürülən Respublikaçı aktivist Çarli Kərk barədə paylaşımlarına görə 6 əcnəbinin vizasını ləğv edib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, həmin şəxslər Argentina, Cənubi Afrika, Meksika, Braziliya, Almaniya və Paraqvay vətəndaşlarıdır. Onların Kərkin qətli ilə bağlı sosial şəbəkədə paylaşım etdikləri üçün cəzalandırıldığı bildirilib.

Rəsmi açıqlamada qeyd olunub ki, ABŞ "amerikalıların ölümünü alqışlayan" əcnəbiləri qəbul etmək məcburiyyətində deyil. Dövlət Departamenti bu cür paylaşımlar edən digər şəxslərin də müəyyən ediləcəyini açıqlayıb.

ABŞ Müdafiə naziri Pit Hegset bildirib ki, Kərkin ölümünü "qutlayan" mülki və hərbi işçilər də izlənilir.

"Washington Post" yazarı Karen Attiah, paylaşımına görə işdən çıxarılıb. Komediya ustası Cimmi Kimmelin televiziya proqramı da eyni səbəbdən müvəqqəti dayandırılmışdı.

Xatırladaq ki, Donald Trampa yaxın mövqeyi ilə tanınan Çarli Kərk sentyabrın 10-da Yuta Vadisi Universitetində silahlı hücum nəticəsində öldürülüb.

Kərk "Turning Point USA" adlı gənclər təşkilatının yaradıcısı və mühafizəkar dəyərlərin təbliğatçısı kimi tanınırdı.

Hücumda şübhəli sayılan Tayler Robinson saxlanılıb və ona qarşı ağır cinayət ittihamı irəli sürülüb.

Son xəbərlər