ABŞ-də qum fırtınası faciəyə səbəb oldu: 4 ölü, 29 yaralı

ABŞ-də qum fırtınası faciəyə səbəb oldu: 4 ölü, 29 yaralı
Dünya 46

ABŞ-nin Kolorado ştatında güclü qum fırtınası nəticəsində baş verən zəncirvari yol qəzasında azı 4 nəfər həyatını itirib, 29 nəfər yaralanıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:00 radələrində Pueblo şəhəri yaxınlığında yerləşən I-25 magistralında qeydə alınıb. Kolorado polisi bildirib ki, bölgədə təsirli olan qum fırtınası səbəbindən görmə məsafəsi demək olar ki, sıfıra enib.

Nəticədə yük maşınları, pikaplar, yolsuzluq avtomobilləri və minik maşınları daxil olmaqla 30-dan çox nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Qəza zamanı bəzi avtomobillər yoldan çıxıb. Əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Kolorado Polisi sözçüsü Brayan Lyons açıqlamasında bildirib ki, ölənlərin şəxsiyyəti Pueblo Məhkəmə-Tibb Ekspertiza Mərkəzində müəyyənləşdirilir. Yaralılar isə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

O əlavə edib ki, qəza zamanı bir yük avtomobilində daşınan 32 keçidən 4-ü də tələf olub. Polis rəsmisi vurğulayıb ki, hadisə zamanı görmə məsafəsi demək olar ki, mövcud olmayıb.

Faktla bağlı geniş araşdırma aparılır.

Son xəbərlər