ABŞ Ali Məhkəməsi seçki kampaniyalarının maliyyələşdirilməsi ilə bağlı məhdudiyyəti ləğv edib

ABŞ Ali Məhkəməsi seçki kampaniyalarının maliyyələşdirilməsi ilə bağlı məhdudiyyəti ləğv edib
Dünya 0

ABŞ Ali Məhkəməsi siyasi partiyaların namizədlərlə əlaqələndirilmiş fəaliyyət zamanı xərclərinə tətbiq olunan məhdudiyyəti konstitusiyaya zidd hesab edərək, seçki kampaniyalarının maliyyələşdirilməsi ilə bağlı daha bir məhdudiyyəti ləğv edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, qərar altı səs lehinə, üç səs əleyhinə olmaqla qəbul edilib.

Hakimlər elan ediblər ki, partiyaların namizədlərlə birgə kampaniyaların aparılmasına xərcləyə biləcəyi vəsaitlərin həcminə qoyulan məhdudiyyət ABŞ Konstitusiyasının söz azadlığına zəmanət verən Birinci düzəlişini pozur.

Qəzetin məlumatına görə, qısamüddətli perspektivdə qərar aralıq seçkiləri ərəfəsində Demokratlar Partiyasından 125 milyon dollar daha çox ianə toplayan Respublikaçılar Partiyasının xeyrinə işləyə bilər.

ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın tərkibinin üçdə biri və Konqresin Nümayəndələr Palatası bütövlükdə yenidən seçiləcək. Hazırda hər iki palata respublikaçıların nəzarəti altındadır.

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin qərarını alqışlayıb.

"Respublikaçılar və ən əsası, Birinci düzəliş üçün böyük qələbədir", - o, "Truth Social" sosial şəbəkəsində yazıb.

Bununla belə, özəl şəxslərdən birbaşa namizədlərə və partiyaların milli komitələrinə edilən ianələrin həcminə qoyulan məhdudiyyətlər qüvvədə qalmaqda davam edir. Eyni zamanda, namizədləri dəstəkləyən və belə adlandırılan siyasi fəaliyyət superkomitələrinə (Super PAC) edilən ianələr üçün limitlər mövcud deyil.

Qeyd olunur ki, ABŞ Ali Məhkəməsi son iki onillik ərzində seçki kampaniyalarının maliyyələşdirilməsi üzrə məhdudiyyətləri ardıcıl olaraq yumşaldır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər