ABŞ 75 ölkənin vətəndaşlarına viza verməyəcək

ABŞ 75 ölkənin vətəndaşlarına viza verməyəcək
Dünya 125

ABŞ hökuməti miqrasiya nəzarətini sərtləşdirmək çərçivəsində 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin qəbulunu və baxılmasını müvəqqəti olaraq dayandırmaq qərarı verib.

BAKU.WS Fox News-a istinadən xəbər verir ki, qərar 21 yanvar 2026-cı ildən qüvvəyə minəcək və müddətsiz xarakter daşıyacaq.

Məlumata əsasən, siyahıya Rusiya ilə yanaşı Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən və digər ölkələr daxil edilib. Dövlət Departamenti viza prosesinin dayandırılmasını müraciət edən şəxslərin ABŞ-də "ictimai yükə" çevrilmə ehtimalının daha ciddi yoxlanılması ilə izah edir.

Sənəddə qeyd olunur ki, konsulluq əməkdaşlarına mövcud qanunvericilik çərçivəsində vizaların rədd edilməsi tapşırılıb və paralel olaraq yoxlama və qiymətləndirmə prosedurları yenidən nəzərdən keçiriləcək. Qiymətləndirmə zamanı müraciət edən şəxsin yaşı, sağlamlıq durumu, maliyyə imkanları, ingilis dili biliyi və gələcəkdə dövlət sosial yardımına ehtiyac duyma ehtimalı əsas meyarlar kimi nəzərə alınacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Pigott bildirib ki, məqsəd ABŞ-nin sosial rifah sistemindən sui-istifadə edə biləcək şəxslərin ölkəyə girişinin qarşısını almaqdır. Onun sözlərinə görə, bu 75 ölkədən immiqrasiya prosesləri Dövlət Departamenti viza qaydalarını yenidən qiymətləndirənədək dayandırılacaq.

Qeyd olunur ki, istisnalar çox məhdud sayda olacaq və yalnız ciddi yoxlamalardan sonra mümkün hesab edilə bilər. ABŞ-də "ictimai yük" anlayışı illərdir mövcud olsa da, onun tətbiqi müxtəlif administrasiyalar dövründə fərqli formada icra edilib. Donald Trampın əvvəlki prezidentliyi dövründə bu anlayış genişləndirilmiş, sonradan Co Bayden administrasiyası tərəfindən qismən yumşaldılmışdı.

Yeni qərar Tramp administrasiyasının miqrasiya siyasətində növbəti sərtləşmə addımı kimi qiymətləndirilir.

Son xəbərlər