SİZİN REKLAM BURADA!
055 213 76 73


Beyrut limanında baş verən partlayış Livanda gərgin olan vəziyyəti bir qədər də pisləşdirib. Elə buna görədir ki, günlərdir etirazçıların səsləri Beyrutdan əskik olmur. Polislər isə paytaxt küçələrinə toplaşan yüzlərlə etirazçıya gözyaşardıcı qazla müdaxilə edir.

BAKU.WS "Baku.Tv"yə istinadən xəbər verir ki, Livan paytaxtında aksiyaçılarla polis arasında yenidən toqquşmalar başlayıb. Toqquşmalar Beyrutda parlament binası yerləşən rayonda müşahidə olunur.

Ötən gün Beyrutda etiraz aksiyası keçirən nümayişçilər Əmək Nazirliyinin binasına daxil olublar. "Dövlət bizik" şüarını səsləndirən insanlar daha sonra Məcburi Köçkünlər Nazirliyinin binasına da daxil olaraq inzibati binanın içərisini dağıdıblar.

Livanlılar baş verən partlayışa görə ölkənin siyasi elitalarını günahlandırır, onları korrupsiyada təqsirkar bilirlər. Aylardır iqtisadi çöküşün astanasında olan ölkədə mövcud vəziyyətdən bezərək küçələrə axışan insanlara polislər isə gözyaşardıcı qaz istifadə edərək cavab verir. 728 nəfər yaralanıb.

Livanın Ətraf mühit və inzibati inkişaf naziri Damianos Kattar bazar günü rəsmi olaraq istefa verib. O bildirib ki, ölkədə sistemin bütün mexanizmləri köhnəlib və bir çox imkanlar əldən verilir. Hökumətin sayca ikinci nazirinin istefasından sonra Baş nazir Həsən Diabın ümumi vəziyyəti müzakirə etmək üçün kabinetin təcili iclasını çağırdığı bildirilir. İclasın nəticələri barədə məlumat verilməyib.

Livan Silahlı Qüvvələrinin rəhbərliyi etirazçılara radikal addımlar atmamaları ilə bağlı xəbərdarlıq edib. Müraciətdə bildirilib ki, qanun pozuntusuna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaq.

BAKU.WS
VİDEO